Google Pay ödəniş xidmətinin Özbəkistanda istifadəyə verildiyi elan olunub.
Bu barədə Google-un Mərkəzi və Şərqi Avropa üzrə dövlət qurumları ilə əlaqələr və ictimai siyasət rəhbəri Marcin Krasuski Səmərqənddə keçirilən C5+1 tədbirində bildirib.
Google Pay istifadəçilərə uyğun Android cihazları vasitəsilə təmassız terminallarda, mobil tətbiqlərdə və onlayn alış-veriş zamanı ödəniş etmək imkanı yaradır.
Daha əvvəl Özbəkistan hökuməti xidmətin ilkin mərhələdə Visa və Mastercard kartlarını dəstəkləyəcəyini açıqlamışdı. Ölkənin Mərkəzi Bankı isə yerli Humo və Uzcard kartlarının sistemə inteqrasiyası istiqamətində texniki işlərin aparıldığını bildirmişdi.
Google Pay-in ölkədə istifadəyə verilməsi 2026-cı ilin martında fərdi məlumatlarla bağlı qanunvericiliyə edilən dəyişikliklərdən sonra mümkün olub. Dəyişikliklər nəticəsində bütün fərdi məlumatların ölkə daxilində saxlanılması tələbi aradan qaldırılıb. Bu tələb yalnız biometrik, genetik və telekommunikasiya abunəçilərinə aid məlumatlar üçün qüvvədə saxlanılıb.

