Gürcüstan hökuməti ölkənin milli valyutası olan lariyə bağlı stabilkoinin yaradılması üçün “Tether” şirkəti ilə əməkdaşlığa başlayıb.
Cashless.az xəbər verir ki, GEL₮ adlandırılacaq yeni rəqəmsal valyuta xüsusi olaraq formalaşdırılmış tənzimləmə çərçivəsi əsasında fəaliyyət göstərəcək. Bu layihə, milli valyutanın birbaşa rəqəmsal aktiv infrastrukturuna inteqrasiyası istiqamətində dünyada atılan ilk rəsmi birgə addımlardan biridir.
Stabilkoin üçün hazırlanan hüquqi baza ehtiyatların idarə olunması, geri satınalma hüquqları, emitentə nəzarət və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq standartlara tam uyğunlaşdırılıb.
Qeyd edək ki, hazırda stabilkoinlər qlobal ödənişlər və pul köçürmələri üçün geniş istifadə olunur. “Tether” şirkətinin flaqman aktivi olan USD₮-nin bazar kapitallaşması 190 milyard dollara yaxınlaşır.
GEL₮-un strukturu və dövriyyəyə buraxılması ilə bağlı digər təfərrüatlar növbəti mərhələdə elan olunacaq.

