Hindistanın Mərkəzi Bankı İranla bağlı müharibənin yaratdığı iqtisadi təsirlər fonunda milli valyuta olan rupini qorumaq üçün aktiv müdaxilələr edir.
Cashless.az xəbər verir ki, bankirlər bildirir ki, tənzimləyici bu ay ərzində valyutanı dəstəkləmək üçün 20 milyard dollardan çox valyuta ehtiyatı xərcləyib.
Münaqişənin başlanmasından bəri rupi dollar qarşısında 2,6% dəyər itirib və yeni rekord minimum səviyyəyə düşüb. Bildirək ki, Hindistan enerji idxalından ciddi asılıdır. Ölkə xam neftin təxminən 90%-ni, təbii qazın isə yarısını idxal edir. Müharibə fonunda enerji qiymətlərinin artması inflyasiya riskini yüksəldir və iqtisadiyyata əlavə təzyiq yaradır.
Eyni zamanda, Körfəz regionu Hindistanın ən böyük ticarət tərəfdaşıdır və bu regiondan ölkəyə ildə 50 milyard dollardan çox pul köçürmələri daxil olur. Bu axınların zəifləməsi cari hesab balansı üçün risk hesab olunur. Mərkəzi Bank yalnız valyuta bazarında deyil, həm də istiqraz bazarında aktivdir. Son bir ildə rekord həcmdə dövlət istiqrazları alınıb, təkcə bu ay 1 trilyon rupi (10,7 milyard dollar) dəyərində alış həyata keçirilib. Bu addım likvidliyi artırmaq və bazarı sabit saxlamaq məqsədi daşıyır. Bununla belə, Hindistanın 10 illik istiqraz gəlirliliyi bu il 0,2 faiz bəndi artıb.
Rupi bu il Asiyanın ən zəif nəticə göstərən valyutalarından biri sayılır. Bu, enerji idxalı xərclərinin artması, kapital axınlarının azalması və inflyasiya riskləri ilə bağlı narahatlıqları əks etdirir. Analitiklər bildirir ki, rupi İran müharibəsindən ən çox təsirlənə biləcək inkişaf etməkdə olan ölkə valyutalarından biridir. Goldman Sachs analitikləri yaxın 12 ayda rupinin dollar qarşısında 93,5 səviyyəsindən 95-ə qədər zəifləyəcəyini proqnozlaşdırır. Standard Chartered isə cari hesab kəsirinin ÜDM-in 2,5%-nə qədər arta biləcəyini qeyd edir. Bu il xarici investorlar Hindistan bazarından təxminən 10 milyard dollar vəsait çıxarıb. Bunun 8 milyard dollardan çoxu müharibədən sonra mart ayında qeydə alınıb.

