Bakıda keçirilən “İslam İnkişaf Bankı Qrupunun 5-ci Startaplar və İnnovasiya Təqdimat Müsabiqəsi 2026”nın qalibləri açıqlanıb.
Cashless.az xəbər verir ki, müsabiqə İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunub. “İİB bazarlarında innovasiya, süni intellekt, maliyyə, ticarət və sahibkarlığın gücləndirilməsi” mövzusu altında keçirilən müsabiqə startapları, investorları və inkişaf üzrə tərəfdaşları bir araya gətirib.
Final mərhələsində 12 startap beynəlxalq investorlar və ekspertlər qarşısında layihələrini təqdim edib. Qiymətləndirmə Azərbaycan tərəfi, o cümlədən KOBİA və 4SİM, eləcə də İslam İnkişaf Bankı tərəfindən müəyyən edilmiş beynəlxalq münsiflər heyəti tərəfindən aparılıb.
Müsabiqədə 3 əsas və 6 xüsusi mükafat olmaqla ümumilikdə 9 qalib müəyyən edilib. Birinci yerin qalibi “BioSell” olub və startap 5 min ABŞ dolları mükafat qazanıb. İkinci yerə “Bayuti” layiq görülüb və 4 min ABŞ dolları mükafat əldə edib. Üçüncü yerin qalibi isə “Park Hub” olub və 3 min ABŞ dolları mükafat qazanıb.
Bundan əlavə, “AIRT” süni intellekt və rəqəmsal innovasiya, “Proedia” iqlim və davamlılıq, “Mink Platform” maliyyə inklüzivliyi, “Climasel” qadın sahibkarlığı, “Smart sagro” sosial təsir, “Interconsea” isə regional inteqrasiya nominasiyaları üzrə xüsusi mükafata layiq görülüb.
Qeyd edək ki, KOBİA-nın tərəfdaşlığı ilə keçirilən müsabiqəyə Azərbaycandan 220-dən çox müraciət daxil olub. Seçim prosesi nəticəsində 6 strateji innovasiya istiqaməti üzrə 25 startap növbəti mərhələyə vəsiqə qazanıb. Finaldan əvvəl seçilmiş startaplar “Bakı KOB evi”ndə üç günlük Bootcamp proqramında iştirak ediblər.
Müsabiqənin əsas məqsədi innovativ sahibkarlığın inkişafına dəstək vermək, perspektivli startapların investorlarla əməkdaşlıq imkanlarını genişləndirmək və onların beynəlxalq bazarlara çıxışını təşviq etməkdir.











