Qızıl qiymətlərində son günlər müşahidə olunan enişə baxmayaraq, İsveçrə bankı UBS bu azalmanın müvəqqəti xarakter daşıdığını açıqlayıb. Bankın qiymətləndirməsinə görə, qızıl bazarında qısamüddətli dalğalanmalardan sonra yenidən artım gözlənilir.
Cashless.az xəbər verir ki, UBS-in proqnozuna əsasən, 2026-cı ilin sonuna qədər qızılın unsiya qiyməti 5600 dollara çata bilər.
Bildirilir ki, son eniş əsasən qlobal geosiyasi gərginlik, xüsusilə Yaxın Şərqdəki hadisələr, eləcə də faiz dərəcələri ilə bağlı gözləntilərin dəyişməsi fonunda baş verib. Buna baxmayaraq, investorların portfellərini diversifikasiya etmək üçün qızıla marağı davam edir və bu da qiymətlərin yenidən yüksəlməsi üçün əsas faktor hesab olunur.
Eyni zamanda, bank qeyd edir ki, mövcud geriləmə bəzi investorlar üçün bazara daxil olmaq baxımından fürsət yarada bilər. Digər qiymətli metal olan gümüşün isə daha güclü performans göstərə biləcəyi vurğulanır.
Məlumat üçün bildirək ki, hazırda qızılın 1 unsiyasının qiyməti 4676 dollardan baha ticarət edilir.

