Çinin iri onlayn pərakəndə şirkəti “JD.com” “Amazon”a rəqib olaraq Böyük Britaniya bazarına daxil olur. Şirkət yeni “Joybuy” platformasını istifadəyə verəcəyini açıqlayıb.
Cashless.az xəbər verir ki, platforma Milton Keynes və Luton şəhərlərində yerləşən paylama mərkəzlərindən fəaliyyət göstərəcək.
“Joybuy” texnologiya məhsulları, məişət texnikası, kosmetika, ev əşyaları və ərzaq məhsullarının satışını həyata keçirəcək.
Şirkət bildirib ki, platforma işə düşən kimi təxminən 17 milyon ev təsərrüfatına növbəti gün çatdırılma xidməti təqdim ediləcək. Rəhbərlik “Joybuy”ın Böyük Britaniyada uzunmüddətli fəaliyyət göstərməyi planlaşdırdığını və geniş məhsul seçimi ilə yeni müştərilər cəlb edəcəyini qeyd edib.
Bu addım “JD.com”un 2024-cü ildə “Currys” şirkətini almaq planından imtina etməsindən və ötən il “Argo”s ilə danışıqlardan geri çəkilməsindən sonra atılır. Şirkət ABŞ və Honq-Konq birjalarında listinqdədir və gəlir baxımından Çinin ən böyük pərakəndəçisi hesab olunur.
Eyni zamanda, “JD.com” Avropada genişlənməsini davam etdirir və Böyük Britaniya ilə yanaşı, Almaniya, Niderland, Fransa, Belçika, Lüksemburq bazarlarında da fəaliyyətə başlayır.
Şirkət ötən il Almaniyanın elektronika pərakəndə qrupu olan “Ceconomy”ni 2,2 milyard avroya satın almaqla Avropa bazarında mövqeyini gücləndirib.
Digər tərəfdən, “Amazon” bu ilin əvvəlində Brogborough ərazisindəki ilk logistik mərkəzini bağlamağı planlaşdırdığını açıqlamışdı.
“Joybuy UK”nin icraçı direktoru Matthew Nobbs şirkətin ölkədə inkişaf perspektivlərinə inandığını bildirib.

