2026-cı ilin II rübündə Azərbaycanda ödəniş kartları ilə bağlı fırıldaqçılıq əməliyyatlarının məbləği azalsa da, ölkə daxilində qeydə alınan hadisələrin sayı artıb.
Cashless.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının banklardan topladığı məlumatlar əsasında açıqladığı statistikada əks olunub.
Mərkəzi Bankın məlumatına görə, hesabat dövründə ölkədaxili ödəniş kartları üzrə 5 305 fırıldaqçılıq halı qeydə alınıb. Bu əməliyyatların ümumi məbləği 1 milyon 74 min 526 manat təşkil edib.
Ölkəxarici əməliyyatlarda isə həm məbləğ, həm də hadisə sayı azalıb. II rübdə ölkəxarici kart fırıldaqçılığı üzrə 3 633 hal qeydə alınıb, əməliyyatların məbləği isə 289,4 min manat olub.
Statistikaya əsasən, ölkədaxili fırıldaqçılıq hallarının 33,9%-i hesabların ələ keçirilməsi ilə bağlı olub. Ölkəxarici fırıldaqçılıqda isə kartın fiziki iştirakı olmadan (card not present) aparılan əməliyyatlar üstünlük təşkil edib.
Ən diqqətçəkən məqam fırıldaqçılıq hallarının böyük hissəsinin elektron ticarət və mobil tətbiqlər üzərindən baş verməsidir. II rübdə ölkədaxili kart fırıldaqçılığının 93,1%-i, ölkəxarici halların isə 92,8%-i məhz bu kanallar vasitəsilə qeydə alınıb.

