Ölkə üzrə bəzi kart əməliyyatlarında texniki çətinlik qeydə alınıb.
Cashless.az xəbər verir ki, istifadəçilər bank kartları üzrə əlavə vəsait silinməsi halları ilə üzləşiblər.
ABB mobil tətbiqində bununla bağlı istifadəçilərə məlumat təqdim olunub. Bildirişdə qeyd olunur ki, hazırda üçüncü tərəflə bağlı yaşanan texniki çətinlik səbəbindən kartlarda əlavə vəsait silinməsi baş verib və problemin yaxın zamanda aradan qaldırılması gözlənilir.
Eyni zamanda Expressbank-ın məlumatında da kart əməliyyatları ilə bağlı problemin qısa zamanda həll ediləcəyi bildirilib.
AccessBank isə texniki çətinliklərlə əlaqədar kart əməliyyatlarının müvəqqəti olaraq əlçatan olmayacağını qeyd edib.
Məlumata görə, çətinlik Azericard prosessinq mərkəzi üzərindən xidmət olunan bəzi bankların kartlarında müşahidə edilir. Hadisənin hansı əməliyyatları və hansı bankları tam əhatə etdiyi barədə geniş rəsmi açıqlama hələlik verilməyib.
Qeyd edək ki, oxşar hallarla qarşılaşan istifadəçilərin kart hesabı üzrə əməliyyat tarixçəsini yoxlaması, əlavə silinmə aşkar etdikdə isə xidmət göstərən banka müraciət etməsi tövsiyə olunur.

