24 iyun 2026-cı il tarixində Azərikard Prosessinq Mərkəzinin xidmət göstərdiyi bəzi bankların müştərilərinin kart hesablarında baş verən təkrar silinmə halları aradan qaldırılıb.
Cashless.az xəbər verir ki, Azərikard-ın açıqlamasında hadisənin banklararası hesablaşma fayllarının emalı zamanı texniki səbəbdən yaranmış təkrarlanma ilə bağlı olduğu bildirilib.
Qurum qeyd edib ki, təkrarlanmış əməliyyatlar ləğv edilərək müştərilərin hesablarının bərpası mərhələli şəkildə həyata keçirilib və problem tam həll olunub.
Azərbaycan Mərkəzi Bankı da məsələ ilə bağlı əhaliyə müraciət edib. Mərkəzi Bank bildirib ki, vəsaitlərin təkrar silinməsi kibermüdaxilə və ya dələduzluq halı deyil, texniki nasazlıqla bağlı olub.
Qurum həmçinin bildirib ki, ölkədə fəaliyyət göstərən ödəniş sistemləri, prosessinq mərkəzləri və kommersiya banklarının informasiya sistemləri və ödəniş infrastrukturu üzrə sabitlik, davamlılıq və etibarlılıqla bağlı hər hansı çətinlik müşahidə olunmur.

