Qazaxıstanın Kaspi.kz platforması “Mağaza” bölməsində iPhone smartfonları üçün Trade-in xidmətini istifadəyə verib.
Yeni xidmət istifadəçilərə köhnə iPhone-larını təhvil verərək əvəzində pul əldə etmək imkanı yaradır.
Proses zamanı istifadəçi tətbiqdə cihazın modelini, yaddaş tutumunu, rəngini, IMEI kodunu və texniki vəziyyəti barədə məlumatları daxil edir. Bunun əsasında cihazın ilkin dəyəri avtomatik hesablanır.
Yeni iPhone kredit, hissəli ödəniş, Kaspi Gold, Kaspi Red+, bonus və ya sertifikat vasitəsilə əldə edilə bilər. Köhnə cihaz yoxlanıldıqdan sonra yekun qiymət müəyyənləşdirilir və istifadəçinin təsdiqinə təqdim olunur.
Razılaşdırılmış məbləğ yeni telefon üzrə kredit və ya hissəli ödəniş borcunun bağlanmasına yönəldilir. Digər ödəniş üsulları ilə alış zamanı isə vəsait Kaspi Gold hesabına köçürülür.
Cihazın yekun dəyəri onun texniki vəziyyətindən, alınan iPhone modelindən və satıcıdan asılıdır. Qiymətləndirməyə Apple-ın rəsmi tərəfdaşının əlavə ödənişi də daxil edilə bilər.
Xidmət ilkin mərhələdə Almatı və Astana şəhərlərində tətbiq olunur. Gələcəkdə onun Qazaxıstanın digər şəhərlərinə genişləndirilməsi nəzərdə tutulur.

