Qazaxıstanın fintex şirkəti “Kaspi.kz” Ukraynadakı ödəniş xidməti “Portmone Group”u satıb.
Cashless.az xəbər verir ki, şirkətin 2025-ci il illik hesabatına görə, satış 2025-ci ilin sentyabr ayında baş tutub.
Müqavilənin maliyyə detalları açıqlanmasa da, məlumdur ki, “Kaspi.kz” bu satışdan ciddi gəlir əldə etməyib. Şirkətin bildirdiyinə görə, “Portmone”nin xalis aktivləri əldə edilən məbləğə yaxın olub, yəni sövdələşmə nə mənfəətli, nə də zərərli sayılır.
Qeyd edək ki, “Forbes Ukraine” 2021-ci ildə bu alışın “Kaspi.kz”ə təxminən 15 milyon dollara başa gəldiyini yazmışdı.
“Kaspi.kz” “Portmone”ni əldə etməklə Ukraynanın onlayn ödəniş bazarına daxil olmağı hədəfləyirdi. Bu razılaşma şirkətə ölkədə ödəniş lisenziyası əldə etməyə, həmçinin “Visa” və “Mastercard” ilə akkreditasiyadan keçməyə imkan yaratmışdı. Eyni zamanda, şirkət Ukraynanı orta müddətdə, həm proqramçılar üçün mənbə, həm də potensial IT mərkəzi kimi görürdü.
KASE məlumatına əsasən, “Kaspi.kz”in əsas səhmdarları “Baring Funds” (23.22%), Mikhail Lomtadze (22.58%) və Vyacheslav Kim (20.74%) hesab olunur.
“Portmone” 2002-ci ildə Igor Gorin tərəfindən kommunal ödənişlər üçün onlayn xidmət kimi yaradılıb. Zamanla platforma genişlənərək P2P köçürmələr, telekommunikasiya ödənişləri və digər xidmətləri əhatə edib, həmçinin bizneslər üçün “ekvayrinq” xidmətləri təqdim etməyə başlayıb. 2019-cu ildə şirkətin 5 milyondan çox aktiv istifadəçisi və illik 100 milyon əməliyyatı olub.

