Bank kartlarında keşbek imkanları genişləndikcə ödəniş zamanı kart seçimi də mürəkkəbləşir. Fərqli kateqoriyalar üzrə keşbek faizlərini və kampaniya şərtlərini hər dəfə yadda saxlamaq asan olmur.
Bu məlumatları hər dəfə ayrıca yoxlamaq da praktik deyil. Bolcash isə bu məlumatları bir platformada birləşdirir.
Cashless.az olaraq Bolcash layihəsinin rəhbəri Aslan Məmmədrzayev ilə tətbiqin imkanları və gələcək inkişaf planları barədə danışdıq:
– Bolcash ideyası necə yarandı?
İdeya şəxsi ehtiyacdan yarandı. Özümün bir neçə bank kartım var və onların hər birinin fərqli faizləri, kateqoriyaları və şərtləri mövcuddur. Kassada dayanarkən konkret alış-veriş üçün məhz hansı kartın daha sərfəli olduğunu xatırlamaq, demək olar ki, qeyri-mümkündür.
Nəticədə kartı cibimizdə gəzdiririk, lakin keşbəki itiririk.
Bütün bankların təkliflərini bir yerdə görə biləcəyim platforma axtarırdım, amma tapa bilmədim. Beləliklə, əvvəlcə özüm üçün yaratmağa başladığım layihə Bolcash-a çevrildi.
– Məlumatların aktuallığını necə təmin edirsiniz?
Bütün məlumatlar bankların rəsmi və açıq mənbələrindən götürülür. Sistem bu mənbələri davamlı olaraq izləyir və təkliflər dəyişdikdə məlumat bazası yenilənir.
Proses avtomatlaşdırılıb, lakin əlavə olaraq komandamız tərəfindən də yoxlanılır.
Burada bir məqamı xüsusi vurğulamaq istəyirəm: Bolcash yalnız məlumat xarakteri daşıyır. Tətbiq bank hesablarına giriş tələb etmir, ödənişlər həyata keçirmir və istifadəçinin maliyyə məlumatlarını toplamır. Bu, açıq məlumatlar əsasında yaradılmış kataloq və müqayisə alətidir.
– İstifadəçilərdə ən çox maraq doğuran funksiyalar hansılardır?
Ən çox istifadə olunan funksiya axtarışdır. Bu da təbiidir, çünki istifadəçinin sorğusu adətən çox konkret olur: “Bu mağazada hansı kartla ödəniş edim?”
Axtarış bölməsinə mağazanın adını daxil etmək kifayətdir. Nəticədə həm onun kateqoriyası, həm də ən sərfəli kart ekranda göstərilir.
İkinci əsas funksiya şəxsi kartların əlavə edilməsidir. İstifadəçi öz kartlarını seçdikdən sonra tətbiq fərdiləşir: axtarış yalnız həmin kartlar üzrə aparılır və qərar vermək daha asan olur.
Bu funksiyalar sayəsində hər alış-verişdən əvvəl bir neçə saniyə ərzində ən uyğun kartı tapmaq mümkündür.
– Bolcash-ı hansı istiqamətdə inkişaf etdirməyi planlaşdırırsınız?
Hazırda tətbiq MVP mərhələsindədir və əsas hədəfimiz istifadəçi təcrübəsini daha da yaxşılaşdırmaqdır. İstəyirik ki, istifadəçilər tətbiqdən rahat istifadə etsinlər və MCC kodlarının keşbekə təsirini asanlıqla anlaya bilsinlər.
Məlumatları daha əlçatan etməyi də planlaşdırırıq. Məsələn, istifadəçi tətbiqə daxil olmadan belə, əsas ekrandakı vidjetlər və bildirişlər vasitəsilə lazım olan məlumatı görə biləcək.
Bundan əlavə, banklarla əməkdaşlıq istiqamətini də vacib hesab edirik. Belə tərəfdaşlıq məlumatların birbaşa banklardan daha dəqiq və operativ alınmasına imkan verə bilər.
Burada maraqlarımız üst-üstə düşür: istifadəçi öz kartının üstünlüklərini daha aydın gördükdə, həmin kartdan daha aktiv istifadə edir və daha çox nağdsız ödəniş həyata keçirir.

