Klarna müştərilərə göndərilən rəsmi bildirişlərin yoxlanılmasını asanlaşdırmaq üçün tətbiqdaxili inbox funksiyasını istifadəyə verib.
Cashless.az xəbər verir ki, yeni Klarna İnbox xidməti vasitəsilə şirkətin göndərdiyi bütün rəsmi məlumatlar – e-poçtlar, SMS-lər, push bildirişləri və hətta fiziki məktublar – birbaşa tətbiq daxilində də əks olunacaq.
Şirkətin bildirdiyinə görə, yenilik son illərdə sürətlə artan saxta mesaj və fişinq hücumlarına qarşı mübarizə məqsədi daşıyır. Yeni yanaşmaya əsasən, istifadəçilər aldıqları mesajın həqiqətən Klarna tərəfindən göndərilib-göndərilmədiyini tətbiqdaxili inbox vasitəsilə yoxlaya biləcəklər.
Klarna qeyd edir ki, əgər hər hansı mesaj tətbiqdə görünmürsə, o, şirkət tərəfindən göndərilməyib. Inbox funksiyası yalnız autentifikasiya olunmuş tətbiq mühitində fəaliyyət göstərdiyi üçün üçüncü tərəflər tərəfindən saxtalaşdırılması mümkün deyil. Yeni xidmət artıq Klarna-nın fəaliyyət göstərdiyi bütün bazarlarda istifadəyə verilib və istifadəçilərdən əlavə qeydiyyat və ya konfiqurasiya tələb etmir.

