Azərbaycanda “Startap” şəhadətnaməsi alan mikro və kiçik sahibkarların sayı artmağa davam edir.
Cashless.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən növbəti qiymətləndirmə mərhələsində təqdim olunan 14 müraciətə baxılıb. Ekspertlər Şurasının qərarı ilə 10 layihəyə “Startap” şəhadətnaməsi verilib.
Beləliklə, ölkədə “Startap” şəhadətnaməsi əldə etmiş KOB subyektlərinin ümumi sayı 282-yə yüksəlib.
Şəhadətnamələr “İşhesabı” MMC-nin bulud əsaslı ERP (müəssisə resurslarının idarəetmə sistemi) platforması, “Bonfi” MMC-nin rəqəmsal imtiyazlar həlli, “Qalan” MMC-nin məktəblilər üçün riyaziyyat təmayüllü onlayn təhsil platforması, “Splus az” MMC-nin ağıllı bina idarəetmə və sakinlərə xidmət platforması, “Vexvon” MMC-nin süni intellekt əsaslı müştəri kommunikasiya və satış avtomatlaşdırma platforması, “Anacan” MMC-nin qadınlar üçün rəqəmsal bələdçi, “Chevvick Solutions” MMC-nin mobil ödəniş platforması, “Too Far Logistics and Consulting” MMC-nin kommersiya təşkilatları arasında müqavilələrin elektron idarə edilməsi, imzalanması və arxivləşdirilməsi platforması, “S2 Studio” MMC-nin mobil restoran rezervasiya platforması, “Viralix” MMC-nin isə süni intellekt əsaslı rəqəmsal marketinq, dizayn və reklam idarəetmə platforması layihələri üçün təqdim olunub.
Qeyd edək ki, “Startap” şəhadətnaməsi sahibkarlara innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azadolma imkanı verir.



