“Startap” şəhadətnaməsi mexanizmi ilə dəstəklənən şirkətlərin dövriyyəsi 7 dəfədən çox artıb.
Cashless.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “İslam İnkişaf Bankı Qrupunun 5-ci Startap və İnnovasiya Müsabiqəsi – 2026” tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, son illərdə “Startap” şəhadətnaməsi almış şirkətlərin ümumi dövriyyəsi 8,8 milyon manatdan 63 milyon manata yüksəlib.
Orxan Məmmədov qeyd edib ki, KOBİA-nın qrant proqramları çərçivəsində indiyədək 129 startap və biznes layihəsinə 2 milyon manatdan çox maliyyə dəstəyi göstərilib.
KOBİA sədrinin sözlərinə görə, bu günədək sahibkarlıq subyektlərinə 282 “Startap” şəhadətnaməsi təqdim olunub. Həmin startaplar fintech, elektron ticarət, rəqəmsal marketinq, təhsil texnologiyaları, rəqəmsal ödəniş sistemləri, süni intellekt həlləri, logistika texnologiyaları və digər innovativ sahələrdə fəaliyyət göstərir.
O bildirib ki, “Startap” şəhadətnaməsi mexanizmi innovativ bizneslərin investorlar üçün daha cəlbedici olmasına, yeni tərəfdaşlıqların qurulmasına və həm yerli, həm də beynəlxalq bazarlarda inkişafına dəstək verir.

