Azərbaycanda kraudfandinq platformalarının fəaliyyətinin hüquqi əsaslarının yaradılması istiqamətində növbəti addım atılıb.
Cashless.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında birinci oxunuşda müzakirə edilən “Kraudfandinq haqqında” qanun layihəsi plenar iclasa tövsiyə olunub.
Qanun layihəsinə əsasən, səhm və borcəsaslı kraudfandinq mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Sənəddə həmçinin kraudfandinq platformalarının operatorlarının hüquqi statusu və fəaliyyət şərtləri müəyyən edilir.
Layihəyə görə, kraudfandinq platformasının operatoru məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradılmalı, Azərbaycan Mərkəzi Bankının reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilməlidir.
Bundan əlavə, operatorların platformanın təhlükəsiz və fasiləsiz fəaliyyətini təmin etməsi, maraqlar münaqişəsinin qarşısını alması, investorların və layihə sahiblərinin hüquqlarını qoruyan daxili qayda və prosedurlara malik olması tələb olunacaq.
Komitədə müzakirə olunan digər qanun layihələrində isə “Kraudfandinq haqqında” qanundan irəli gələn uyğunlaşdırma xarakterli dəyişikliklər təklif olunur. Dəyişikliklər sırasında “Nağdsız hesablaşmalar haqqında”, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlar da yer alır.
Təklif olunan dəyişikliklər kraudfandinq fəaliyyətinin maliyyə sisteminə inteqrasiyası, ödəniş proseslərinin tənzimlənməsi və investorların müdafiəsi üçün hüquqi bazanın formalaşdırılmasına xidmət edir. Qeyd edək ki, kraudfandinq innovativ layihələrin, startapların və biznes təşəbbüslərinin geniş investor kütləsi tərəfindən maliyyələşdirilməsinə imkan yaradan alternativ investisiya mexanizmidir. Bu model dünyanın bir çox ölkəsində startap ekosisteminin inkişafında mühüm maliyyələşdirmə alətlərindən biri hesab olunur.

