Türkiyədə influenserlər qadağalara rəğmən yenə də “Bybit” tövsiyə linklərini öz auditoriyası ilə paylaşmağa davam edirlər.
Cashless.az xəbər verir ki, araşdırmalar göstərir ki, belə paylaşımlarda “sponsorlu kontent”, “reklam”, “əməkdaşlıq” ilə əlaqəli məlumatlar da yer almayıb.
Bildirilir ki, risk qrupuna daxil olan aktivlərin “asanlıqla qazanc əldə edin” tərzi ilə paylaşılması insanların doğru məlumata əlçatanlığına mane olur. “Öz tövsiyəmdir” başlığı ilə paylaşımlar əsasən reklam mahiyyəti kəsb edir.
Qeyd edək ki, 2024-cü ildə ölkənin Kapital Bazarları üzrə Tənzimləyici Qurumu (SPK) türk influenserlərinə xarici əcnəbi kripto platformalarının tövsiyə edilməsinə qadağa qoyub. Bu qadağadan irəli gələrək belə şəxsləri 3-5 il arasında həbs və 10 min günə qədər hesablanan pul cəzası gözləyir.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, həmçinin keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 7 min manat, hüquqi şəxslər isə 40 min manat məbləğində cərimə olunur.

