Kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslərin vergiyə cəlb edilməsi qaydası açıqlanıb.
Cashless.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, belə şəxslər vergi orqanında uçota alınmalı və VÖEN əldə etməlidirlər.
Kriptovalyutanın alış və satış qiymətləri arasındakı fərq fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir hesab olunur. Vergi də bank hesabındakı ümumi dövriyyədən deyil, məhz həmin qiymət artımından hesablanır. Məsələn, kriptovalyuta 10 min manata alınıb 10 200 manata satılıbsa, vergiyə cəlb olunan məbləğ 10 200 manatlıq dövriyyə deyil, əldə olunan 200 manatlıq gəlirdir.
Fiziki şəxs illik gəlirindən 14% gəlir vergisi hesablamalı, növbəti ilin mart ayının 31-dək “Gəlir vergisinin bəyannaməsi”ni təqdim etməli və vergini dövlət büdcəsinə ödəməlidir. Gəlirin əldə edildiyi tarix kriptovalyutanın satıldığı gün hesab olunur.
Açıqlamaya görə, bu gəlir muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid edilmədiyindən məcburi dövlət sosial sığorta haqqı hesablanmır. Həmçinin qeyri-sahibkarlıq gəliri kimi qiymətləndirilən kriptovalyuta əməliyyatları üzrə ayrıca icbari tibbi sığorta haqqı nəzərdə tutulmayıb.

