Azərbaycan Mərkəzi Bankı rəqəmsal valyuta platformasının tətbiqinə başlayacaq. Bu addım Prezident İlham Əliyevin təsdiqlədiyi “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nda yer alıb. Sənədin 8.2.16-cı bəndinə əsasən, maliyyə əməliyyatlarında xərclərin effektivliyinin və şəffaflığın artırılması məqsədilə Mərkəzi Bankın Rəqəmsal Valyutası platformasının yaradılması və maliyyə ekosisteminə inteqrasiyası nəzərdə tutulur.
Bu təşəbbüs faktiki olaraq rəqəmsal manatın institusional əsasının formalaşdırılması deməkdir. Söhbət adi elektron ödəniş alətindən yox, mərkəzi bank tərəfindən emissiya olunan və dövlət zəmanətli rəqəmsal pul vahidindən gedir. Platforma tətbiq olunarsa, dövlət ödənişləri, sosial transferlər və iri maliyyə əməliyyatları yeni infrastruktur üzərindən həyata keçirilə bilər.
Rəqəmsal valyutanın əsas məqsədi əməliyyat xərclərini azaltmaq və maliyyə axınlarının şəffaflığını artırmaqdır. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.

