“Bir” ekosistemi Böyük Britaniyada yerləşən qlobal ödəniş platforması Paysend ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda fərdi müştərilər üçün ani beynəlxalq pul köçürmələrini istifadəyə verib.
Cashless.az xəbər verir ki, xidmət “Bir” ekosisteminə daxil olan m10 elektron pulqabı tətbiqi vasitəsilə həyata keçirilir.
Yeni imkan istifadəçilərə mobil telefon üzərindən 140-dan çox ölkəyə ani rejimdə pul göndərməyə şərait yaradır. Xidmət beynəlxalq köçürmələri daha sürətli, rahat və şəffaf etmək məqsədi daşıyır.
Qeyd edək ki, “Bir” ekosistemi hazırda Azərbaycanda 5 milyondan çox istifadəçiyə xidmət göstərir. Ekosistemə “Birbank” mobil bankçılıq tətbiqi, “Birmarket” e-ticarət platforması, “MilliÖn” ödəniş terminalları və m10 rəqəmsal pul kisəsi daxildir.
Sərhədlərarası rəqəmsal ödənişlər üzrə ixtisaslaşan Paysend isə 170-dən çox ölkədə 11 milyondan artıq müştəriyə xidmət göstərir.

