Azərbaycan Mərkəzi Bankı maliyyə sektorunda müştəri şikayətlərinin müstəqil və sistemli şəkildə idarə olunması üzrə tələbləri genişləndirir.
Cashless.az xəbər verir ki, “Banklarda korporativ idarəetmə Standartları”na və “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”na edilən dəyişikliklərə əsasən, bu təşkilatlarda müstəqil şikayətlərə baxılması funksiyası formalaşdırılacaq.
Bu funksiya şirkətin əməliyyat həcmi və müştəri sayından asılı olaraq ayrıca struktur bölmə və ya məsul şəxs vasitəsilə həyata keçiriləcək. Şikayətlərə baxan əməkdaşlar biznes bölmələrindən müstəqil olmalı, araşdırma üçün zəruri məlumatlara çıxış və kifayət qədər səlahiyyətə malik olmalıdırlar.
Qeyd edək ki, maliyyə institutlarında müştəri şikayətlərinin qəbulu və araşdırılması üzrə ümumi tələblər əvvəldən mövcud olub. Yeni dəyişikliklərin əsas fərqi bank və investisiya şirkətlərində bu prosesin ayrıca, müstəqil və hesabatlı funksiya kimi korporativ idarəetmə standartlarına daxil edilməsidir.
Ödəniş və elektron pul təşkilatlarında da müraciətlərin idarə olunması üzrə prosedurlar tətbiq edilir. Bununla yanaşı onlardan, fırıldaqçılıq halları üzrə məsul əməkdaşın və ya struktur bölmənin müəyyən edilməsi, eləcə də istifadəçilər üçün fasiləsiz əlaqə kanallarının yaradılması tələb olunur.

