Mastercard 2027-ci ildən etibarən Avropada elektrik və şəbəkə kəsintiləri zamanı kart ödənişlərinin davam etdirilməsi üçün yeni tələblər tətbiq edəcək.
Qərarın qəbul edilməsində 2025-ci ilin aprelində İspaniya və Portuqaliyada baş verən genişmiqyaslı elektrik kəsintisi rol oynayıb. Həmin hadisə zamanı təxminən 55 milyon insan rəqəmsal ödəniş imkanından məhrum olmuşdu.
2027-ci ilin fevralından Avropada yeni buraxılan bütün Mastercard kartları oflayn ödənişləri dəstəkləyəcək. May ayından isə yeni quraşdırılan və mövcud cihazları əvəz edən bütün ödəniş terminalları üçün bu funksiya məcburi olacaq.
Bağlantı kəsildikdə əməliyyat bankdan onlayn təsdiq alınmadan, kartın çipində saxlanılan limit əsasında terminal tərəfindən təsdiqlənəcək. Bir əməliyyat üzrə maksimum məbləğ 200 avro təşkil edəcək və konkret limit kartı buraxan bank tərəfindən əvvəlcədən müəyyənləşdiriləcək. Bağlantı bərpa olunduqdan sonra əməliyyat klirinq üçün sistemə göndəriləcək.
İstifadəçilər fasilələr zamanı supermarket, ərzaq mağazası, yanacaqdoldurma məntəqəsi, aptek, eləcə də nəqliyyat və bilet aparatlarında ödəniş edə biləcəklər.
Mastercard oflayn ödənişləri artıq Danimarka, İsveç, Estoniya və Latviyada tətbiq edib. Latviyada baş verən fırtına zamanı generatorla işləyən mağazalarda kart ödənişləri davam etdirilib. Danimarkada isə texniki nasazlıq terminalların ümumi ödəniş sisteminə bağlantısını kəsdikdə vacib satış məntəqələrində əməliyyatların aparılması mümkün olub.
Qeyd edək ki, Mastercard-ın oflayn ödənişlərin 2027-ci ildə tətbiq ediləcəyi ölkələr üzrə açıqladığı siyahıda Azərbaycan yer almır.

