Kontaktsız ödənişlər (tap-and-go) kart əsaslı ödəniş ekosistemində ən sürətlə yayılan texnologiyalardan biri kimi formalaşır. NFC interfeysi üzərindən həyata keçirilən bu əməliyyatlar kartın, mobil cihazın və ya geyilə bilən qurğunun POS terminala yaxınlaşdırılması ilə tranzaksiyanın fiziki təmas olmadan tamamlanmasına imkan verir. Beynəlxalq statistika göstərir ki, fiziki satış nöqtələrində həyata keçirilən əməliyyatların böyük hissəsi artıq kontaktsız üsulla icra olunur.
Kontaktsız ödəniş nədir?
Kontaktsız ödəniş (ing. contactless ) – təmas tələb etməyən və məlumatın NFC texnologiyası vasitəsilə ötürüldüyü ödəniş üsuludur. Bu texnologiya bank kartları ilə yanaşı, mobil cüzdanlar və geyilə bilən cihazlar vasitəsilə də istifadə olunur. “Tap and go” ilə siz sadəcə kartı və ya cihazı satıcının ödəniş terminalına yaxınlaşdırır və ya toxundurursunuz ki, əməliyyat tamamlansın.
Necə işləyir?
Tap-and-go əməliyyatları EMV Contactless spesifikasiyası çərçivəsində işləyir və məlumat ötürülməsi NFC (Near Field Communication) texnologiyası vasitəsilə həyata keçirilir. Kart və ya mobil cihaz terminalın elektromaqnit sahəsinə daxil olduqda tranzaksiya üçün tələb olunan məlumatlar şifrələnmiş formada ötürülür və authorization sorğusu kart şəbəkəsi (scheme) üzərindən issuer banka yönləndirilir.
Kartımın kontaktsız olduğunu necə bilərəm?
Ödəniş kartınızın üzərində haradasa kontaksız ödəniş işarəsi dörd əyri xətt (ᯤ) çap olunubsa, bu, kartın kontaktsız olduğunu göstərir. Bu gün iri banklar tərəfindən buraxılan kartların əksəriyyəti kontaktsızdır, maqnit zolaqlı kartlar isə tədricən tamamilə dövriyyədən çıxarılır.
Kontaktsız ödənişin harada qəbul olunduğunu necə bilərəm?
Kontaktsız ödənişlər POS terminal, kart oxuyucu və ya özünəxidmət terminalları üzərində yerləşən xüsusi “contactless” işarəsi (ᯤ) olan bütün nöqtələrdə qəbul edilir. Bu işarə terminalın NFC texnologiyasını dəstəklədiyini göstərir.
Son illərdə “Tap on Phone” texnologiyası sayəsində satıcılar əlavə POS terminal olmadan da ödənişləri nağdsız formatda qəbul edə bilirlər. Bu halda Android əsaslı smartfon tətbiq vasitəsilə kart oxuyucu funksiyasını yerinə yetirir və müştəri kartını və ya telefonunu satıcının telefonuna yaxınlaşdıraraq ödəniş edir.
“Tap and Go” istifadə etmək üçün nə tələb olunur?
Kontaktsız ödəniş funksiyası bu gün buraxılan kartların böyük hissəsində standart olaraq aktiv olur. Kart üzərində yerləşən contactless işarəsi onun NFC texnologiyasını dəstəklədiyini göstərir və əlavə aktivasiya tələb etmir. Mobil cihaz vasitəsilə ödəniş etmək üçün isə kart mobil cüzdan tətbiqlərinə (Apple Pay və ya Google Pay) əlavə edilir.
Kart mobil cüzdana əlavə edilərkən məlumatlar birbaşa cihazda saxlanılmır. Bunun əvəzinə kart nömrəsi token ilə əvəz olunur və ödəniş zamanı real PAN məlumatları satıcı ilə paylaşılmır. Bu yanaşma EMV tokenization modelinə əsaslanır və kart məlumatlarının komprometasiya riskini azaldır.
Cari qaydalara əsasən, kontaktsız ödənişlərdə müəyyən məbləğədək əməliyyatlar əlavə təsdiq (CVM – Cardholder Verification Method) tələb etmədən həyata keçirilə bilər. Azərbaycanda tətbiq olunan mövcud praktika üzrə 100 AZN-dən yuxarı məbləğli kontaktsız əməliyyatlar üçün əlavə autentifikasiya tələb olunur.
Təsdiqləmə prosesi istifadə olunan ödəniş alətindən və cihazdan asılı fərqlənir. Belə ki, kart ilə tranzaksiyalar zamanı PİN kodun pos-terminala daxil edilməsi, mobil cüzdan ilə tranzaksiyalar zamanı isə biometrik identifikasiya (Face ID, barmaq izi və s.) və ya cihazın təhlükəsizlik parolunun təsdiq edilməsi istənilir.
Kontaktsız ödəniş necə həyata keçirilir?
Ödəniş etmək üçün kartı və ya mobil cihazı POS terminal üzərindəki “contactless” işarəsinə yaxınlaşdırmaq kifayətdir. NFC texnologiyası sayəsində məlumat ötürülməsi 1–2 sm məsafədə baş verir və fiziki təmas tələb olunmur.
Terminal satış rejimində olmadıqda tranzaksiya baş vermir. Eyni zamanda kartı terminala bir neçə dəfə yaxınlaşdırmaq ikiqat ödənişə səbəb olmur.
Qeyd edək ki, kontaktsız texnologiyalar ödəniş prosesini sürətləndirir və nağdsız ödənişlərin daha geniş tətbiqinə imkan yaradır.

