Mərkəzi Bank 2025-ci ildə “Ödəniş sektorunun inkişaf strategiyası” üzrə planın 86.5%-ni, “Rəqəmsal maliyyə təşəbbüsləri” üzrə isə 84.7%-ni icra edib.
Cashless.az xəbər verir ki, Mərkəzi Bank 2024-2026 Maliyyə Sektorunun İnkişaf Strategiyasının 2025-ci il üzrə icra vəziyyətini açıqlayıb.
Hesabata əsasən, ötən il ərzində bankların mobil bankçılıq tətbiqləri və internet bankçılıq kanalları Ani Ödəniş Sisteminə tam inteqrasiya olunub. Bununla da kartdan-karta C2C və internet bankçılıq kanalları vasitəsilə əməliyyatların AÖS üzərindən icrası təmin edilib. Eyni zamanda, Milli Ödəniş Sistemləri üzrə nəzarət çərçivəsi yeni qanunvericilik tələblərinə uyğun yenilənib.
Rəqəmsal maliyyə istiqamətində isə ölkədə ilk dəfə olaraq Açıq Bankçılıq funksionallığının tətbiqinə başlanılıb. Dünya Bankı ilə birgə “Nəzarət texnologiyaları üzrə Yol Xəritəsi” hazırlanıb və maliyyə bazarları üçün FinCERT yaradılıb. Bundan əlavə, “Paylanılmış Öz müştərini tanı” konsepsiyası hazırlanaraq seçilmiş maliyyə institutlarında pilot testlər keçirilib.
Bununla yanaşı, strategiyaların icrasında gecikmələr də qeydə alınıb. Ödəniş sektorunda dövlət büdcəsindən maliyyələşən qurumlarda əmək haqqının Milli Ödəniş Sistemi vasitəsilə ödənilməsi və elektron qaimə-fakturaların ödəniş infrastrukturuna inteqrasiyası təmin edilməyib. Rəqəmsal maliyyə sahəsində isə “Açıq maliyyə” yanaşması üzrə çərçivə, virtual aktivlər haqqında qanun layihəsi və “Paylanılmış Öz müştərini tanı” üzrə normativ baza hələ də hazır deyil.
Mərkəzi Bank növbəti mərhələdə AÖS-in funksional imkanlarını genişləndirməyi, AZQR standartını təkmilləşdirməyi və Açıq Bankçılıqdan Açıq Maliyyə modelinə keçidi sürətləndirməyi hədəfləyir. Eyni zamanda, erkən inkişaf mərhələsində olan innovativ fintech məhsulları üçün xüsusi tənzimləmə rejiminin tətbiqi də planlaşdırılır.

