Ödəniş sistemləri iştirakçıları arasında tətbiq edilən interçeync komissiyalarına yuxarı hədd müəyyən edilib.
Müvafiq qərarı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov imzalayıb.
Qərara əsasən, ölkə daxilində ödəniş kartları ilə müəyyən MCC kodları (ticarət və xidmət obyektinin fəaliyyət sahəsini təsnifləşdirən və ekvayer tərəfindən təyin olunan kod) üzrə aparılan əməliyyatlar üçün interçeync komissiyalarının yuxarı hədləri müəyyən edilib.
Belə ki, aptek və ərzaq mağazaları (supermarketlər) kateqoriyalarına aid əməliyyatlar üzrə interçeyncin maksimal səviyyəsi ödəniş məbləğinin 1,25%-i, yanacaq doldurma məntəqələri (petrol) üzrə 0,75%-i, ümumi (general) kateqoriya üzrə isə 1,5%-i olaraq müəyyən olunub.
Qərarda qeyd olunur ki, göstərilən kateqoriyalara daxil olmayan digər MCC kodları üzrə ölkə daxilində kartla həyata keçirilən ödənişlər üçün interçeyncin yuxarı həddi tətbiq edilmir.
Sənədə əsasən, təsdiqlənmiş yeni tariflər 2026-cı il 1 iyun tarixindən qüvvəyə minəcək. Qərarın qüvvəyə minməsindən sonra sənəd müvafiq qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil ediləcək.

