Milli İnternet Mükafatı – MilliNet 2026 müsabiqəsində rəqəmsal layihələrin qiymətləndirilməsinin ilk mərhələsinə start verilib.
MilliNet Təşkilat Komitəsinin məlumatına əsasən, oktyabrın 26-dan müsabiqəyə qəbul edilmiş layihələrin qiymətləndirilməsinə başlanılıb. Bu il qiymətləndirmə prosesi ilk dəfə qeydiyyat başa çatmamış həyata keçirilir.
İndiyədək müsabiqəyə 9 nominasiya üzrə 144 rəqəmsal resurs təqdim edilib. Onlardan 100-ü müsabiqəyə qəbul olunub. Layihələrin qeydiyyatı noyabrın 25-dək davam edəcək.
Müsabiqənin birinci qiymətləndirmə mərhələsi noyabrın 30-dək davam edəcək. Bu mərhələnin nəticələrinə əsasən hər nominasiya üzrə finalçılar müəyyənləşdiriləcək. İkinci mərhələdə isə qaliblər seçiləcək və qiymətləndirmə prosesi dekabrın 15-dək yekunlaşacaq.
Bu il layihələr 15 münsif tərəfindən qiymətləndiriləcək. Qaliblərin dekabr ayında keçiriləcək yekun təqdimat mərasimində mükafatlandırılması nəzərdə tutulur.
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən MilliNet müsabiqəsinin əsas məqsədi ölkənin ən yaxşı rəqəmsal resurslarını müəyyənləşdirmək, innovasiyaları təşviq etmək və rəqəmsal sektorun inkişafına dəstək verməkdir.
Müsabiqə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir. Layihənin əsas tərəfdaşları arasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Texniki Universiteti və 4SİM yer alır.
Qeyd edək ki, Cashless.az media platforması da MilliNet 2026 müsabiqəsinə “İlin rəqəmsal media və informasiya resursu” nominasiyası üzrə qatılıb.

