Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “MilliÖn” ödəniş sisteminin adı və vizual üslubundan istifadə edilməklə həyata keçirilən fişinq kampaniyası aşkarlayıb.
Saxta kampaniya çərçivəsində istifadəçilərə 1 AZN müqabilində 5 GB mobil internet və 80 dəqiqə danışıq paketi təklif olunub. Bu məqsədlə “MilliÖn”ün rəsmi səhifələrini təqlid edən saxta domenlərdə ödəniş səhifələri yaradılıb. Həmin səhifələrdə istifadəçilərdən kart sahibinin adı və soyadı, kart nömrəsi, bitmə tarixi, CVV kodu, telefon nömrəsi və digər məlumatların daxil edilməsi tələb olunub.
MKA-nın texniki təhlili zamanı müəyyən edilib ki, daxil edilən məlumatlar real ödəniş sisteminə, prosessinq mərkəzinə və ya bank şlüzünə ötürülmür. Əksinə, məlumatların üçüncü tərəfə, o cümlədən “Telegram” vasitəsilə ötürülməsini təmin edən mexanizm aşkarlanıb. Bu da kampaniyanın əsas məqsədinin ödəniş qəbul etmək deyil, bank kartı məlumatlarını toplamaq olduğunu göstərir.
Araşdırma zamanı eyni sxemin yalnız “MilliÖn” adı ilə məhdudlaşmadığı müəyyən edilib. “AzərPay” və “Ulduz Pay” adından istifadə edilən saxta hesab və domenlərdə də oxşar kampaniyalar aşkarlanıb.
Fişinq kampaniyalarının əsasən “TikTok” və “Instagram”da qanuni brendləri təqlid edən hesablar vasitəsilə yayıldığı bildirilir. Monitorinq zamanı 10-dan çox belə hesab müəyyən edilib.
MKA vətəndaşlara sosial şəbəkələrdə yayılan şübhəli kampaniya və keçidlərə qarşı diqqətli olmağı, bank kartının rekvizitlərini və CVV kodunu etibarlılığı təsdiqlənməmiş internet səhifələrinə daxil etməməyi tövsiyə edir.

