Bank kartları ilə ödəniş qəbul edən biznesin hansı fəaliyyət sahəsinə aid olduğu dördrəqəmli MCC (Merchant Category Code) kodu ilə göstərilir.
Bu kod əməliyyatın arxa fonunda bir sıra proseslərə təsir edir. Belə ki, banklar və ödəniş sistemləri MCC-dən keşbek və bonusların hesablanması, kart üzrə kateqoriya məhdudiyyətlərinin tətbiqi, risk səviyyəsinin qiymətləndirilməsi, əməliyyatların monitorinqi və kommersiya şərtlərinin müəyyənləşdirilməsi üçün istifadə edir.
Miscoding nədir?
Miscoding – merçantın faktiki fəaliyyətinə uyğun olmayan MCC ilə təsnif edilməsi və əməliyyatlarının həmin kod üzrə emal olunmasıdır.
Məsələn, geyim mağazasının əməliyyatlarının supermarket və ya ümumi pərakəndə satış kateqoriyasına aid MCC ilə emal olunması miscoding nümunəsidir.
Miscoding niyə yaranır
MCC biznesin ekvayrinq xidmətinə qoşulması zamanı onun fəaliyyət istiqaməti barədə təqdim etdiyi məlumatlar əsasında müəyyən edilir. Yanlış kod texniki və ya inzibati səhv, biznes barədə natamam məlumat, yaxud fəaliyyət profilinin sonradan dəyişməsi nəticəsində yarana bilər.
Bəzi hallarda isə biznesin fəaliyyəti daha əlverişli komissiya şərtlərindən istifadə etmək, əlavə nəzarətdən yayınmaq və ya əməliyyatların real xarakterini gizlətmək məqsədilə qəsdən yanlış təqdim olunur. Nəticədə merçanta faktiki fəaliyyətinə uyğun olmayan MCC təyin edilir.
Bir biznes eyni zamanda bir neçə məhsul və xidmət təqdim etdikdə, əsas fəaliyyət istiqamətinin müəyyənləşdirilməsi çətinlik yaradır. Beynəlxalq ödəniş sistemlərinin qaydalarına əsasən, belə hallarda MCC adətən biznesin satış dövriyyəsində üstünlük təşkil edən fəaliyyət sahəsinə uyğun seçilir.
Miscoding hansı nəticələrə səbəb olur?
Kart sahibləri miscoding-in təsirini ən çox keşbek və digər loyallıq bonuslarında hiss edirlər. Yanlış təsnifat səbəbindən əməliyyat uyğun kateqoriyaya daxil edilmir və nəzərdə tutulan keşbek və ya bonus tətbiq olunmur.
MCC eyni zamanda kart üzrə kateqoriya əsaslı limitlərin təyin edilməsində istifadə edilir. Buna görə yanlış kod məhdudlaşdırılmış fəaliyyət üzrə ödənişin emal olunmasına səbəb ola bilər. Bu problem xüsusilə korporativ, uşaq və sosial kartlarda daha ciddi nəticə yarada bilər, çünki həmin kartlarda istifadə imkanları çox vaxt MCC üzrə məhdudlaşdırılır.
Banklar üçün miscoding risklərin düzgün qiymətləndirilməsini və əməliyyatların monitorinqini çətinləşdirir. Uyğunsuzluq aşkar edildikdə ekvayerdən merçant məlumatlarının yenilənməsi və MCC-nin düzəldilməsi tələb olunur. Uyğunsuzluq sistemli xarakter daşıyarsa, beynəlxalq ödəniş sistemi ekvayerə qarşı maliyyə sanksiyaları və digər nəzarət tədbirləri tətbiq edə bilər.
Merçant üzrə miscoding təsdiqləndikdə isə ekvayer onun fəaliyyət məlumatlarını yenidən yoxlayır, MCC-ni düzəldir və müqavilə şərtlərini risk profilinə uyğunlaşdırır. Qəsdən yanlış məlumat təqdim edildiyi müəyyən olunarsa, əməliyyatlar məhdudlaşdırılır, merçant hesabı bloklanır və xidmət müqaviləsinə xitam verilir. Miscoding qanunazidd fəaliyyətin və əməliyyatların gizlədilməsi məqsədilə tətbiq edildikdə isə fakt üzrə aidiyyəti tədbirlər görülür.
MCC kodu necə yoxlamaq olar?
MCC kodunu mobil bankçılıqda əməliyyatın detalları bölməsində, kart hesabı üzrə geniş çıxarışda və ya bankın təqdim etdiyi elektron qəbzdə görmək mümkündür. Kod bu kanallarda görünmürsə, kart sahibi banka müraciət edərək konkret əməliyyat üzrə tətbiq edilmiş MCC-ni tələb edə bilər.
Cashless.az-ın MCC kodları üzrə axtarış aləti vasitəsilə kodların təsvirinə baxmaq, lazım olan kateqoriyanı tapmaq və biznesin fəaliyyət istiqamətinə uyğun MCC-ni müəyyənləşdirmək mümkündür.

