Azərbaycanda mobil telefonların və digər uyğun cihazların POS-terminal kimi tanınması nəzərdə tutulur.
Cashless.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini Kamran Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, “Elektron ticarət haqqında” qanuna təklif edilən dəyişikliklər POS-terminal anlayışının müasir ödəniş texnologiyalarına uyğunlaşdırılmasını nəzərdə tutur.
Hazırda qanunvericilikdə POS-terminal əsasən ödəniş kartları ilə əməliyyat aparmaq üçün istifadə olunan avadanlıq kimi müəyyən edilir. Yeni dəyişikliklərlə bu anlayışın təmassız və digər nağdsız ödənişləri də əhatə etməsi təklif olunur.

