Ödəniş üçün kart və telefona ehtiyac olmadan, sadəcə ovucdan istifadə etmək mümkündür. MPAY-in təqdim etdiyi PalmPay texnologiyası istifadəçilərə ödənişi ovuc vasitəsilə təsdiqləməyə imkan verir.
Bəs PalmPay necə işləyir, biometrik məlumatlar necə qorunur və bu texnologiya digər ödəniş üsullarından nə ilə fərqlənir?
Bu və digər suallarımızı “MPAY” şirkətinin Marketinq və Məhsulların inkişafı üzrə qrup rəhbəri Elməddin Quliyev cavablandırıb.
- “MPAY”in ovuc ilə ödəniş texnologiyası necə işləyir?
“MPAY”in təqdim etdiyi PalmPay ovuc ilə ödəniş texnologiyası istifadəçilərə alış-veriş zamanı kart, nağd pul və ya mobil telefondan istifadə etmədən, sadəcə ovuc vasitəsilə ödəniş etmək imkanı yaradır.
“PalmPay”dən istifadə etmək üçün MPAY tətbiqinin olması və ovuc biometrik məlumatının sistemdə bir dəfə qeydiyyatdan keçirilməsi kifayətdir.
Bunun üçün ilk olaraq “PalmPay”in aktiv olduğu məntəqələrdən birinə yaxınlaşmalısınız. Bu ünvanları MPAY tətbiqində PalmPay → Məntəqələr bölməsindən görə bilərsiniz. Daha sonra PalmPay stendində əməkdaşların dəstəyi ilə ovcunuzu sistemə bir dəfə tanıdırsınız. Qeydiyyat tamamlandıqdan sonra isə alış-veriş zamanı sadəcə ovcunuzu PalmPay cihazında skan etdirərək ödənişinizi saniyələr ərzində tamamlaya bilərsiniz.
Qeyd edək ki, PalmPay vasitəsilə həyata keçirilən ödənişlər MPAY balansınızdan çıxılır. Buna görə də ödəniş etməzdən əvvəl istifadəçilər balanslarında kifayət qədər vəsait olduğuna əmin olmalıdırlar. - Ovuc damar məlumatlarının təhlükəsizliyi və məxfiliyi necə təmin olunur?
“PalmPay”də istifadəçi məlumatlarının qorunması Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında qanun” və Mərkəzi Bankı “Gücləndirilmiş müştəri autentifikasiyası” tələbləri əsasında həyata keçirilir. Eyni zamanda, informasiya təhlükəsizliyi tələblərinə uyğunluğumuzu təsdiqləyən Elektron Təhlükəsizlik Xidməti (ETX) tərəfindən sertifikata sahibik.
Həmçinin, məlumat üçün bildirək ki, ovuc içi damar strukturu hər bir insanda unikaldır və saxtalaşdırılması mümkün deyil. Ödəniş zamanı bu məlumat sistemdə şəkil və ya açıq formada saxlanılmır, xüsusi şifrələnmiş kod – identifikator şəklində qorunur. Bu da biometrik məlumatların qorunmasına və sızma riskinin minimuma endirilməsinə imkan verir. - PalmPay ödəniş texnologiyası mövcud ödəniş üsullarından nə ilə fərqlənir?
“PalmPay”in əsas və başlıca üstünlüklərindən biri cihazsız, 100% təmassız ödəniş imkanıdır. Yəni istifadəçi kart, nağd pul və ya mobil telefona ehtiyac duymadan, sadəcə ovuc vasitəsilə ödəniş edə bilir. Bu xüsusiyyət “PalmPay”i mövcud ödəniş üsullarından fərqləndirərək ödəniş prosesini daha rahat və sürətli edir. - Bizneslərin bu imkandan yararlanması üçün nə tələb olunur?
PalmPay ticarət obyektləri, marketlər, restoranlar, kafelər və digər xidmət sahələrində fəaliyyət göstərən bizneslər üçün uyğundur. Xidmətdən yararlanmaq üçün müraciət etmək və müqavilə bağlamaq kifayətdir. Daha sonra PalmPay cihazı biznesin obyektində quraşdırılır. İstifadə üçün xüsusi əlavə şərtlər tələb olunmur.
PalmPay bizneslərə bir sıra üstünlüklər qazandırır. İlk növbədə daha sərfəli tariflər sayəsində bizneslər aşağı komissiya xərcləri ilə əməliyyat apara və gəlirliliyini artıra bilirlər.
Digər üstünlüyü sürətli ödənişlərdir. Əməliyyat cəmi 0,3 saniyə ərzində tamamlanır ki, bu da kassa növbələrini və vaxt itkisini minimuma endirməyə kömək edir.
Eyni zamanda müasir biometrik texnologiyanın tətbiqi biznesə innovativ imic qazandırır, onu fərqləndirir və müştərilərə yeni ödəniş təcrübəsi təqdim etməyə imkan verir.

