MSolution və IZZY restoran və kofeşoplar üçün masadan birbaşa ödəniş etməyə və daxil olan vəsaitləri filiallar arasında real vaxt rejimində bölüşdürməyə imkan verən birgə ödəniş həllini istifadəyə verib.
Həll artıq bir neçə ictimai iaşə obyektində tətbiq olunur.
Yeni həll MSolution-un Multi Split funksionallığı əsasında işləyir. Bir neçə filialı olan restoran şəbəkələrində daxil olan ödənişlər avtomatik olaraq müvafiq filiallar üzrə bölüşdürülür. Bununla filiallararası sonrakı hesablaşmalara və əlavə köçürmələrə ehtiyac azalır.
Müştəri masada yerləşdirilmiş QR kodu skan edərək hesabını görə və ödənişi Apple Pay, Google Pay və AniPay QR vasitəsilə həyata keçirə bilir. Ödəniş prosesi IZZY platformasına inteqrasiya olunduğu üçün eyni QR kod həm menyuya baxmaq, həm də hesabı ödəmək üçün istifadə edilir.
Həll əlavə POS terminal quraşdırılmadan ödəniş qəbuluna imkan verir. MSolution-un müxtəlif banklar və prosessinq mərkəzləri ilə inteqrasiyası isə restoranların xidmətə istifadə etdikləri bankdan asılı olmayaraq qoşulmasına şərait yaradır.
MSolution-un direktoru Emil Abbasov bildirib ki, həllin əsas məqsədi yalnız ödənişin qəbulunu deyil, ödənişdən sonrakı hesablaşma prosesini də avtomatlaşdırmaqdır.

