Nağd pulun gizli riskləri çox vaxt nəzərdən qaçır. Cashless.az həmin riskləri sizin üçün toplayıb:
-Təhlükəsizlik və itirilmə riski: Nağd pul oğurlana və ya itə bilər. Rəqəmsal vəsaitlərdən fərqli olaraq, itən nağd pulu geri qaytarmaq demək olar ki, qeyri-mümkündür.
-Saxta pul riski: Saxta pulun ən əsas problemi odur ki, çox vaxt adi istifadəçi onu dərhal fərq etmir. Mərkəzi Bankın məlumatına görə, saxta pul nişanları həqiqi pulun görünüşünə bənzədilən və ya saxtalaşdırılmış pul nişanlarıdır. Bu risk xüsusilə bazarlarda, kiçik mağazalarda və nağd alış-verişin çox olduğu yerlərdə daha yüksəkdir. Bir dəfə saxta əskinas qəbul ediləndən sonra onu geri qaytarmaq adətən mümkün olmur. Bu faktı qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən 2024-cü ildə milli valyutada 379 ədəd (32611 manat) saxta pul nişanı, xarici valyutada isə 503 ədəd saxtakarlıq əlamətləri müəyyən edilmiş pul nişanı aşkarlanaraq tədavüldən çıxarılıb və müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.
-Xərclərin izlənmə çətinliyi: Nağd xərcləmələr zamanı pulun hara getdiyini izləmək çətindir. Bu da büdcə planlamasını və ay sonu hesabını çətinləşdirir. Məsələn, gün ərzində 10 manat, sonra 25 manat, ardınca 15 manat xərcləyəndə ümumi məbləği hesablamaq bəzən çətin olur. Rəqəmsal ödənişlərdə isə tarix, saat və məbləğ avtomatik qeyd olunur. Bu, həm şəxsi büdcəyə nəzarəti, həm də hesabatlılığı gücləndirir.
-Gigiyena problemi: Əskinaslar və qəpiklər əldən-ələ keçdiyi üçün üzərində çoxlu bakteriya və mikrob daşıyır. Araşdırmalara əsasən ən yeni pulların üzərində belə tənəffüs yolları və bağırsaqlarda xəstəlik törədə bilən 2400-dən 26000-ə qədər fərqli bakteriya növü aşkarlanıb.
-Daşıma çətinliyi: Böyük məbləğdə pulları fiziki olaraq daşımaq, həm narahatdır, həm də diqqət çəkdiyi üçün təhlükəlidir.
-İnflyasiya qarşısında dəyər itkisi: Cibdə və ya “yastıq altında” qalan nağd pul heç bir faiz qazandırmır, əksinə inflyasiya səbəbindən zamanla alıcılıq qabiliyyətini itirir.
-Onlayn alış-veriş məhdudiyyəti: Nağd pulla internetdən alış-veriş etmək və ya qlobal xidmətlərdən yararlanmaq mümkün deyil.
-Bonus və keşbeklərdən məhrumiyyət: Kartla ödəniş zamanı təklif olunan keşbek (cashback), mil və ya taksit (hissə-hissə ödəniş) imkanlarından nağd ödənişdə yararlanmaq olmur.
-Qanuni Məhdudiyyətlər: Bir çox ölkədə və böyük əməliyyatlarda müəyyən məbləğdən yuxarı nəğd ödənişlərə qanuni məhdudiyyətlər qoyulur (məsələn, daşınmaz əmlak və ya avtomobil satışı zamanı).

