İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı layihənin icrası davam etdirilir.
Cashless.az xəbər verir ki, 2026-cı ilin martın 1-dək portal üzərindən vətəndaşlar tərəfindən ümumilikdə 28 237 müraciət daxil olub.
Bu müraciətlərdən 17 072-si üzrə 90,7 milyon manat vəsaitin vətəndaşlara ödənilməsi təmin olunub. Eyni zamanda, 9 234 müraciətə müvafiq qaydaların tələblərinə uyğun olaraq imtina edilib və ya ödəniş üzrə əməliyyatlar uğursuz olub.
2026-cı ilin ilk 2 ayı ərzində portal vasitəsilə ümumilikdə 1 265 müraciət daxil olub. Həmin müraciətlərdən 964-ü üzrə 6 milyon manatdan çox vəsaitin ödənilməsi təmin olunub. 206 müraciət üzrə isə imtina qərarı verilib və ya əməliyyatlar uğursuz olub.
Vətəndaşların müraciətləri üzrə imtina hallarına səbəb olan əsas məqamlar aşağıdakılardır:
• Son ödəniş tarixindən etibarən 90 gün ərzində müraciətin edilməməsi;
• Ödəniş təyinatında e-qaimə məlumatlarının əks olunmaması;
• Ödəniş zamanı ƏDV və əsas məbləğin ayrı-ayrılıqda ödənilməməsi;
• Ödənişlərin başqa şəxslər tərəfindən həyata keçirilməsi.

