Şirkətlərin əməkdaşlarına təqdim etdiyi yemək büdcəsini rəqəmsal şəkildə idarə etmək, xərcləri izləmək və əməkdaşlara restoran seçimində daha çox sərbəstlik vermək mümkündür. NooshCard bu prosesi mobil tətbiq üzərindən həyata keçirməyə imkan verir.
Bəs NooshCard necə işləyir, şirkətlərə yemək büdcəsini idarə etməkdə hansı imkanları verir və restoranlar bu modeldən necə faydalanır?
Bu və digər suallarımızı NooshCard-ın Məhsul sahibi (Product Owner) Şölə Abdullazadə cavablandırıb.
- NooshCard-dan istifadə prosesi necə qurulub?
NooshCard-da şirkət əməkdaş üçün yemək balansı müəyyən edir, əməkdaş isə həmin balansdan mobil tətbiq üzərindən tərəfdaş restoranlarda istifadə edir. Tətbiqdə balansını və mövcud restoranları görə bilir, uyğun restoranı seçir və ödənişi QR kodla həyata keçirir. Bunun üçün ayrıca fiziki karta ehtiyac qalmır.
Modelin əsas üstünlüklərindən biri istifadəçiyə seçim azadlığı verməsidir. Əməkdaş ayrılmış balansı istədiyi tərəfdaş restoranda, istədiyi vaxt və balansı çərçivəsində istədiyi məbləğdə istifadə edə bilir. Yəni istifadəçi əvvəlcədən müəyyən edilmiş menyu, restoran seçimi və ya sabit istifadə limiti ilə məhdudlaşdırılmır.
Eyni zamanda şirkət ehtiyacına uyğun olaraq istifadə qaydalarını özü müəyyən edə bilər. Məsələn, gündəlik limit tətbiq edə, istifadə saatlarını məhdudlaşdıra və ya müəyyən günlər üçün ayrıca qaydalar təyin edə bilər.
Beləliklə, NooshCard ənənəvi catering modelindən fərqli olaraq əməkdaşa daha sərbəst seçim imkanı verir, şirkətə isə istifadə prosesini ehtiyacına uyğun şəkildə idarə etməyə şərait yaradır.
- Bu model şirkətlərin işini necə asanlaşdırır?
NooshCard şirkətlərə əməkdaşların yemək xərclərini vahid sistem üzərindən idarə etmək imkanı verir. Balansların ayrılması, əməkdaşların idarə olunması, istifadə qaydalarının tətbiqi və əməliyyatların izlənilməsi bir platformada həyata keçirilir.
Bu yanaşma xüsusilə HR və maliyyə komandalarının iş yükünü azaldır. Ənənəvi modeldə olduğu kimi əməkdaşlardan çek toplamaq, xərcləri ayrıca yoxlamaq və məlumatları sonradan birləşdirmək ehtiyacı aradan qalxır. Bütün əməliyyatlar sistemdə qeydə alındığı üçün həm nəzarət, həm də hesabat prosesi daha rahat idarə olunur.
Şirkət üçün əsas üstünlüklərdən biri yemək xərclərinin vergi baxımından daha səmərəli idarə olunmasıdır. Əməkdaşa ayrılan vəsait birbaşa yemək xərci kimi istifadə olunduğu üçün əmək haqqına əlavə məbləğ kimi qiymətləndirilmir. Bu da şirkətə həm yemək büdcəsini təyinatı üzrə idarə etməyə, həm də əlavə vergi yükünü azaltmağa imkan verir.
NooshCard eyni zamanda şirkətə özəl korporativ brendinq imkanı təqdim edir. İstifadəçi tətbiqə daxil olduqda öz şirkətinin loqosunu və korporativ rənglərini görür. Şirkət tətbiq daxilində əməkdaşlarına elanlar yerləşdirə, push bildirişlər göndərə və xüsusi kampaniyalar təşkil edə bilir.
Platforma əməkdaşlara əlavə üstünlüklərin təqdim olunması üçün də imkan yaradır. İstifadəçilər müxtəlif kampaniyalar vasitəsilə bonuslar əldə edə, promo kodlardan istifadə edə və qeyri-restoran tərəfdaşlarda da xüsusi endirim və təkliflərdən yararlana bilirlər.
Beləliklə, şirkət həm yemək büdcəsini, həm əməkdaşlarla kommunikasiyanı, həm də əlavə korporativ üstünlükləri vahid sistem üzərindən idarə edə bilir.
- NooshCard vasitəsilə hansı məlumatlar izlənilə bilər?
NooshCard vasitəsilə şirkət əməkdaşların yemək büdcəsindən necə istifadə etdiyini sistemli şəkildə izləyə bilir.
Platformada əməkdaşlar üzrə ayrılmış balanslar, istifadə olunan məbləğlər, əməliyyat tarixçəsi, tarix və dövrlər üzrə xərclər, restoranlar üzrə istifadə və digər əsas göstəricilər görünür.
Bu məlumatlar şirkətə ayrılmış büdcənin nə qədər istifadə olunduğunu, xərcləmə dinamikasını və restoranlar üzrə göstəriciləri daha aydın görməyə imkan verir.
Məlumatların şirkət, əməkdaş və restoran səviyyəsində strukturlaşdırılması daha detallı analiz aparmağa şərait yaradır. Məsələn, hansı restoranların daha çox seçildiyi, hansı dövrlərdə istifadə intensivliyinin artdığı və ayrılmış balansların nə qədərinin faktiki istifadə olunduğu izlənilə bilər.
Bu göstəricilər əsasında şirkət yemək büdcəsinin istifadəsini daha dəqiq qiymətləndirə və növbəti dövrlər üçün qərarlarını faktiki məlumatlara əsasən verə bilir.
- NooshCard restoranlar üçün hansı əlavə dəyər yaradır?
NooshCard restoranlar üçün sadəcə əlavə ödəniş üsulu deyil, eyni zamanda yeni korporativ müştəri axını yaradan satış və marketinq kanalıdır.
Şirkət tərəfindən əməkdaşa ayrılan yemək balansı yalnız NooshCard-ın tərəfdaş restoranlarında və yalnız qida məqsədilə istifadə olunur. Bu səbəbdən həmin balansdan yararlanmaq istəyən istifadəçi birbaşa tərəfdaş restoranlara yönəlir. Bu da restoranlara əlavə və davamlı müştəri axını qazandırır.
Tərəfdaş restoranlara tətbiq daxilində görünürlük, kampaniya və xüsusi təkliflər, eləcə də digər marketinq imkanları təqdim edilir.
Bununla yanaşı, restoranlar satış və əməliyyat məlumatlarını izləyə, bir neçə filialı olduğu halda nəticələri filiallar üzrə ayrıca görə bilirlər.
Beləliklə, NooshCard restoranlara əlavə müştəri axını, marketinq dəstəyi və satış nəticələrini daha rahat izləmək imkanı yaradır.
- NooshCard gələcəkdə daha geniş rəqəmsal ödəniş imkanları təqdim etməyi planlaşdırırmı?
Bəli. NooshCard-ın inkişaf istiqamətlərindən biri istifadəçiyə daha çevik və geniş rəqəmsal ödəniş imkanları təqdim etməkdir.
Hazırda istifadəçi şirkətin ayırdığı balansdan əlavə, şəxsi vəsaiti ilə də Top Up edərək balansını artıra bilir.
Top Up balansı ilə ödəniş edən istifadəçilər bütün tərəfdaş restoranlarda 5%-dən 30%-dək endirim əldə edə bilirlər. Bu da istifadəçiyə NooshCard-dan daha çevik və sərfəli şəkildə istifadə etmək imkanı verir.
Gələcəkdə də əsas məqsəd istifadəçiyə daha çox ödəniş seçimi təqdim etmək və NooshCard daxilində rəqəmsal ödəniş imkanlarını mərhələli şəkildə daha da genişləndirməkdir.

