Son günlər sosial şəbəkələrdə ödəniş terminalı vasitəsilə aparılan əməliyyatlar zamanı istifadəçidən əlavə faizin tutulması məsələsi geniş müzakirə edilir. Bu qanunidirmi? Cashless.az-ın bu sualına bank məsələləri üzrə ekspert Emin Mahmudov cavab verib.
Onun sözlərinə əsasən bankın özünə aid olmayan istənilən formada yığım xidmətinə görə banklar komissiya ödəyir: “Yəni izah verim: Bank kartlarına, hesablarına mədaxil üçün bankın müştəriləri digər terminallardan istifadə edirsə buna görə bank həmin terminalın aid olduğu təşkilata komissiya ödəyir”.
Emin Mahmudov qeyd edib ki, bu həmişə olub indi də var: “Əvvəllər əksər banklar bu xərcləri özləri qarşılayırdı, müştəri bundan xəbərsiz idi. Sadəcə olaraq bankların artan xərcləri fonunda banklar qismən bu xərclərdən qaçmaq üçün bu komissiyaları müştərilərə ötürməyə başladı”.
“Bunun başqa səbəbi də bankların əksəriyyətinin özlərinə aid terminal şəbəkəsini inkişaf etdirmək niyyətidir, bu istiqamətdində xeyli xərclər çəkirlər və “cash-in atm” və ödəniş terminallarını artırırlar. Artan xərclər fonunda istəyirlər ki müştərilər vəsait mədaxili üçün bankın öz terminallarından istifadə etsin, yəni “win-win”, həm bank xərcə düşmür, həm də müştəri, hər tərəf qazanır.
O ki qaldı vəsaitlərin mədaxilləri üçün komissiya tutan təşkilatlara, bu da təbiidi, bu şirkətlər kommersiya şirkətləridir və əsas məqsədlərindın biri də gəlir əldə etməkdir. Terminalların quraşdırılması, idarə olunması, baxımı, inkasassiya xərcləri var, əgər gəlir qazanmırsa bu xərcləri necə ödəyəcək?”, – deyə ekspert sözlərinə əlavə edib.

