Aprel ayının sonuna banklar və “Azərpoçt” MMC-nin dövriyyədə olan ödəniş kartlarının sayı 22 milyon 518 minə çatıb.
Cashless az Mərkəzi Bankın rəsmi statistikasına əsasən xəbər verir ki, bu mart ayı ilə müqayisədə 108 min ədəd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 9% artım deməkdir.
Əlavə olaraq, debet kartlarının sayı illik müqayisədə 11% artsa da, kredit kartlarının sayında 9% azalma qeydə alınıb.
2026-cı ilin aprel ayında ölkə daxilində kartlarla həyata keçirilən nağdsız ödənişlərin həcmi 9 milyard 94 milyon manat təşkil edib. Bu məbləğin əsas hissəsi — 7 milyard 969 milyon manatı elektron ticarətin payına düşüb. POS-terminallar vasitəsilə 1 milyard 123 milyon manat, özünəxidmət terminalları və bankomatlar üzərindən isə 2.5 milyon manatlıq əməliyyat aparılıb.
Ümumilikdə isə aprel ayı ərzində bank kartları ilə həyata keçirilən əməliyyatların həcmi 13.2 milyard manata çatıb.

