Azərbaycanda ödəniş sistemləri və bank brendlərinin adından istifadə edən fişinq şəbəkəsi aşkarlanıb.
Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) apardığı monitorinq zamanı “TikTok” platformasında yayılan reklamlarla əlaqəli altı saxta sayt müəyyən edilib. Həmin saytlar “Azercell”, “Bakcell” və “Nar” operatorlarının endirimli internet və danışıq paketlərini təklif etsə də, real ödəniş xidməti göstərmir və istifadəçilərdən bank kartı məlumatlarını daxil etməyi tələb edir.
Araşdırmaya əsasən, saxta resurslarda “AzərPay”, “Express Pay”, “KonturPay”, “million” və “PulPay” kimi ödəniş brendlərini xatırladan adlardan istifadə olunub. Hallardan birində “Expressbank”ın adı və vizual üslubu da təqlid edilib.
MKA bildirir ki, bu hallar ayrı-ayrı dələduzluq cəhdləri deyil, vahid sxem üzrə fəaliyyət göstərən şəbəkənin tərkib hissəsidir. Saxta saytlar ucuz və ya pulsuz hostinqlərdə yerləşdirilir, “TikTok” hesabları və ödənişli reklamlar vasitəsilə istifadəçilərə çatdırılır. Bir domen bloklandıqda isə eyni şablon əsasında yenisinin yaradılır.
Şəbəkənin əsas məqsədi istifadəçilərin kart rekvizitlərini ələ keçirməkdir. MKA kart məlumatlarının oğurlanması və reklamların geniş auditoriyaya çatdırılması riskini kritik səviyyədə qiymətləndirib.
İstifadəçilərə sosial şəbəkələrdə qarşılarına çıxan endirimli paket reklamlarına keçməzdən əvvəl saytın ünvanını yoxlamaq, ödəniş xidmətlərinin yalnız rəsmi sayt və tətbiqlərindən istifadə etmək, şübhəli səhifələrdə kart nömrəsi, etibarlılıq müddəti və CVV kodunu daxil etməməyi tövsiyə edirik.

