“Cashless.az” xəbər verir ki, aprelin 28-də Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Layihə İspaniyanın IE Universiteti ilə strateji tərəfdaşlıq çərçivəsində həyata keçirilir.
İmzalanma mərasimində elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, SOCAR-ın prezidenti Rövşən Nəcəf, “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov və IE Universitetinin icraçı prezidenti Santiaqo İniqes de Onsonyo iştirak edib.
Mərkəz yeni yaradılacaq IE Hub rəqəmsal transformasiya, süni intellekt və dayanıqlı inkişaf sahələrində fəaliyyət göstərib, rəhbər kadrlar üçün təhsil proqramları və beynəlxalq tədbirlər təşkil ediləcək.
Tərəfdaşlıq çərçivəsində SOCAR və “PAŞA Holding” əməkdaşlarının peşəkar inkişafı üçün xüsusi uyğunlaşdırılmış təhsil proqramları da planlaşdırılır.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, bu təşəbbüslə Azərbaycanda innovasiya üçün yeni platforma açılır. “Məqsəd gələcəyin iqtisadiyyatını qura biləcək liderlər yetişdirməkdir. İnfrastruktur və texnologiya vacibdir, lakin güclü insan kapitalı olmadan onlar yalnız infrastruktur olaraq qalır”, – deyə o vurğulayıb.



