Pavel Durovla bağlı yayılan xəbərlər fonunda Telegram-la əlaqəli TON kriptovalyutasının qiymətində eniş müşahidə olunur.
Cashless.az xəbər verir ki, Telegram-ın təsisçisi Pavel Durov Rusiyada terrorçuluğa yardım maddəsi üzrə beynəlxalq axtarışa verilib.
Məlumata əsasən, Durova qarşı Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsi üzrə ittiham irəli sürülüb. Sözügedən maddə terrorçuluq fəaliyyətinə yardım etmə ilə bağlıdır.
İstintaqın versiyasına görə, Telegram platformasında bəzi kanal, çat və botların silinməməsi onların qanunsuz fəaliyyətlər üçün istifadəsinə şərait yaradıb. Rusiya tərəfi həmin resursların diversiya, terror xarakterli fəaliyyətlər və kiberdələduzluq məqsədilə istifadə olunduğunu bildirir.
Məlumatda qeyd olunur ki, 2025-ci ilin iyulundan etibarən Rusiyanın 16 regionunda Telegram botlarından istifadə edən 46 nəfər saxlanılıb.
Telegram və Pavel Durov tərəfinin bu ittihamlarla bağlı mövqeyi hələlik açıqlanmayıb.
Bu xəbərin fonunda TON-un qiymətində də eniş müşahidə olunur. Son bazar məlumatlarına görə, TON son 24 saat ərzində ucuzlaşıb.

