Proqnoz bazarı platforması Polymarket-ə edilən kiberhücum nəticəsində yüzlərlə istifadəçinin hesabından icazəsiz vəsait çıxarılıb.
Cashless.az xəbər verir ki, Bitquery-nin onçeyn araşdırmasına əsasən, oktyabrın 29-da bir saat ərzində 737 hesabdan ümumilikdə 2,73 milyon dollar çıxarılıb. Polymarket bu rəqəmləri rəsmən təsdiqləməsə də, üçüncü tərəf xidmətində təhlükəsizlik pozuntusunun baş verdiyini açıqlayıb.
Hücum platformanın istifadə etdiyi “DebugBear” adlı performans monitorinqi xidməti ilə əlaqəli olub. Xidmət üzərindən yayılan zərərli JavaScript kodu istifadəçi sessiyalarını ələ keçirərək aktivlərin hücumçuların kriptocüzdanlarına köçürülməsinə imkan yaradıb.
Araşdırma nəticəsində oğurlanan vəsaitin 43%-nin cəmi dörd hesabın payına düşdüyü müəyyən edilib.
Hadisədən sonra Polymarket yeni əməliyyatları müvəqqəti dayandırıb. Təhlükəsizlik probleminin aradan qaldırılmasından sonra ticarət təxminən bir saat ərzində bərpa olunub.
Şirkət zərər çəkən istifadəçilərin itkilərinin tam ödəniləcəyini və hadisə ilə bağlı Böyük Britaniyanın hüquq-mühafizə orqanlarına müraciət edildiyini bildirib. Kompensasiya mexanizmi və ödəniş tarixləri hələ açıqlanmayıb.
Qeyd edək ki, bu, 2026-cı ildə Polymarket-də üçüncü tərəf xidməti ilə əlaqəli ikinci oxşar hadisədir. İyun ayında baş verən hücum zamanı təxminən 11 hesabdan 3 milyon dollara yaxın vəsait çıxarılmışdı.

