Azərbaycanda POS-terminalların sayında sentyabr ayında da azalma qeydə alınıb.
Cashless.az Mərkəzi Bankın statistikasına əsasən xəbər verir ki, POS-terminalların ümumi sayı əvvəlki ayla müqayisədə 6 492 ədəd və ya 4,6% azalaraq 135 204-ə düşüb. Göstərici ötən ilin eyni dövrü ilə müqayisədə isə 16,5% aşağıdır.
Sentyabrda Bakı iqtisadi rayonunda POS-terminalların sayı 3 610 ədəd azalaraq 86 242-yə enib. Azalma digər iqtisadi rayonlarda da müşahidə olunub.
ATM şəbəkəsində də azalma qeydə alınıb. Sentyabrda Bakıda ATM-lərin sayı 5 ədəd azalaraq 1 931-ə, regionlarda isə 1 ədəd azalaraq 1 659-a düşüb. Beləliklə, ölkə üzrə ATM-lərin ümumi sayı 6 ədəd azalaraq 3 590 təşkil edib.
Qeyd edək ki, avqust ayında ölkədə POS-terminalların sayı 23 638 ədəd və ya 14,3% azalmışdı.

