Rusiyada kriptovalyuta mayninqi sahəsində qaydaların sərtləşdirilməsi nəzərdə tutulur. Dövlət Dumasının Energetika Komitəsi mayninq fəaliyyəti ilə bağlı pozuntulara görə inzibati məsuliyyət tətbiq edən qanun layihəsini birinci oxunuşda dəstəkləyib.
Cashless.az xəbər verir ki, layihəyə əsasən, mayninqin qadağan olunduğu regionlarda kriptovalyuta hasil edən şəxslər cərimələnəcək. Fiziki şəxslər üçün cərimə 150 min rubla, vəzifəli şəxslər və fərdi sahibkarlar üçün 800 min rubla, hüquqi şəxslər üçün isə 2 milyon rubla qədər müəyyən edilir. Bu hallarda istifadə olunan mayninq avadanlıqlarının müsadirəsi də nəzərdə tutulur. Təkrar pozuntular zamanı cərimələr daha sərt olacaq. Şirkətlər üçün cərimənin 10 milyon rubla qədər artırılması planlaşdırılır.
Federal Vergi Xidmətinin reyestrinə daxil olmadan aparılan mayninq fəaliyyətinə görə 200 min rubla qədər cərimə nəzərdə tutulur. Təkrar pozuntu zamanı isə cərimə 1,5 milyon rubla qədər artırıla bilər.
Bundan əlavə, mayninq fəaliyyəti üçün rəsmi icazəsi olmayan şirkətlər və ya reyestrə daxil edilmədən fəaliyyət göstərən mayninq infrastrukturu operatorları da cərimələnəcək. Bu kateqoriya üzrə hüquqi şəxslər üçün təkrar pozuntu zamanı cərimələr 5–10 milyon rubl aralığında müəyyən edilə bilər.

