30 mart 2026-cı il tarixindən etibarən Azərbaycan Respublikasında Mərkəzi Bank tərəfindən təsdiq edilmiş məsafədən hesab açılması qaydaları qüvvəyə minib. Cashless.az-a qüvvəyə yeni minən qərarla bağlı maliyyə və innovasiya texnologiyaları üzrə ekspert Rasim Xammədov müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
1. Rasim bəy, hesab açılması prosesində fiziki təmasın azalması bank-müştəri münasibətlərində hansı boşluqları yarada bilər? Banklar bu şəraitdə müştəri ilə etibarı necə formalaşdıracaq?
– Fiziki təmasın azalması ilk növbədə ənənəvi bank-müştəri münasibətlərində olan “insani faktorun” zəifləməsinə gətirib çıxara bilər. Yəni müştərinin bank əməkdaşı ilə birbaşa ünsiyyət quraraq əldə etdiyi psixoloji etibar müəyyən qədər azalır. Ənənəvi filial mühitində müştəri bank əməkdaşını görərək qərar verir, məsafədən isə bu faktor aradan qalxır. Lakin yeni “Məsafədən hesabların açılması Qaydası” çərçivəsində tətbiq edilən videozəng, biometrik yoxlamalar, SIMA imza və digər rəqəmsal identifikasiya alətləri bu boşluğu texnoloji baxımdan kompensasiya edir. Banklar isə etibarı şəffaf və sadə onboarding prosesi, təhlükəsizlik zəmanəti, açıq kommunikasiya, 24/7 dəstək və sürətli xidmət, eləcə də müştəri təcrübəsinə fokuslanmış xidmət modeli ilə formalaşdırıla biləcəkdir. Bu mərhələdə banklara etibar artıq fiziki təmasdan çox rəqəmsal təcrübənin keyfiyyəti ilə ölçüləcək.
2. Artıq hesab açmaq üçün fiziki filial şərt olmadıqda, banklar müştəri cəlb etmək üçün nəyə daha çox fokuslanacaq?
– Filialın əhəmiyyətinin azalması ilə bankların rəqabət modeli də transformasiya olunur və fokus getdikcə rəqəmsal imkanlar üzərinə keçir. Əsas prioritetlərdən biri rəqəmsal məhsulun keyfiyyəti, xüsusilə mobil tətbiqin funksionallığı, UX/UI səviyyəsi və istifadə rahatlığı olacaqdır ki, bu da müştəri seçimində həlledici rol oynayacaq. Bununla yanaşı, onboarding sürəti kritik faktor kimi önə çıxacaq.
Komissiyalar və tarif siyasəti daha sərfəli paketlər üzərindən formalaşır, bu isə qiymət rəqabətini gücləndirir. Eyni zamanda banklar ekosistem yanaşmasını genişləndirərək marketplace inteqrasiyaları və super-app modeli vasitəsilə istifadəçiyə əlavə dəyər yaratmağa çalışır. Data əsaslı fərdiləşdirilmiş təkliflər isə müştəri davranışını analiz edərək daha uyğun məhsul və xidmətlərin təqdim edilməsinə imkan verir. Əslində banklar artıq filial şəbəkəsi ilə deyil, texnologiya və müştəri təcrübəsi ilə rəqabət aparacaq. Bu da ödəniş təşkilatları ilə rəqabəti daha da gücləndirəcək.
3. Məsafədən hesabların açılması imkanı maliyyə xidmətlərindən az istifadə edən və nağd formatda hesablaşan şəxslərin rəqəmsal maliyyə sisteminə qoşulmasını sürətləndirə biləcəkmi?
– Bəli, mən hesab edirəm ki, bu dəyişiklik maliyyə inklüzivliyi baxımından çox ciddi təsir göstərə bilər. Çünki bir çox hallarda insanların bank xidmətlərindən istifadə etməməsinin səbəblərindən biri məhz filiala getmək zərurəti və prosedurların mürəkkəbliyi idi. Məsafədən hesab açılması bu baryerləri aradan qaldıraraq prosesi maksimum sadələşdirir. Xüsusilə regionlarda yaşayan və ya bank xidmətlərinə çıxışı məhdud olan şəxslər üçün bu, rəqəmsal maliyyə sisteminə qoşulmanı əhəmiyyətli dərəcədə sürətləndirə bilər.
4. Müştərinin eyniləşdirilməsi istiqamətində banklarla fintex şirkətləri arasında əməkdaşlıq imkanları yarana bilərmi?
– Bu istiqamətdə əməkdaşlıq imkanlarının genişlənəcəyini düşünürəm və bu, artıq qaçılmaz tendensiyadır. Yeni qaydalar banklara identifikasiya üsullarını seçməkdə müəyyən sərbəstlik verdiyi üçün onlar bu sahədə ixtisaslaşmış fintex həllərinə daha çox müraciət edə bilərlər.
Xüsusilə biometrik identifikasiya, “liveness detection”, video KYC və elektron imza texnologiyaları üzrə fintex şirkətləri banklar üçün vacib tərəfdaşlara çevriləcək. Bu əməkdaşlıq, həm texnoloji inkişafı sürətləndirəcək, həm də bazarda daha innovativ və effektiv həllərin yaranmasına şərait yaradacaq.
Əlavə edək ki, qeyd edilən məsafədən hesabların açılması qaydası ilə bu linkə keçid edib tanış ola bilərsiniz.

