Revolut Birləşmiş Ərəb Əmirliklərində fəaliyyətini genişləndirmək üçün zəruri tənzimləyici təsdiqləri əldə edib.
Cashless.az xəbər verir ki, qlobal fintech şirkəti BƏƏ Mərkəzi Bankı tərəfindən elektron pul kisəsi (Stored Value Facilities) və pərakəndə ödəniş xidmətləri (Retail Payment Services) üzrə lisenziyalaşdırılıb.
Lisenziyaların verilməsi Revolut-un ötən ilin sentyabrında aldığı ilkin təsdiqdən sonra ölkədəki tənzimləyici prosesin uğurla başa çatması deməkdir.
Şirkət yaxın dövrdə BƏƏ bazarında məhsul və xidmətlərini istifadəyə verməyi planlaşdırır. İstifadəyə verildikdən sonra müştərilər bir tətbiq üzərindən müxtəlif valyutalarda vəsait saxlamaq, fiziki və virtual kartlardan istifadə etmək, həmçinin yerli və beynəlxalq pul köçürmələri həyata keçirmək imkanı əldə edəcəklər.
Revolut son bir il ərzində ölkədə fəaliyyətini genişləndirərək yerli komandanın formalaşdırılmasına, texnoloji infrastrukturun qurulmasına və əməliyyat imkanlarının inkişafına investisiya yatırıb.

