Revolut Fransada tam bank lisenziyası əldə edib və Parisdə Qərbi Avropa üzrə yeni qərargahını formalaşdırmağa hazırlaşır.
Cashless.az Financial Times-ə istinadən xəbər verir ki, lisenziya Fransanın prudensial nəzarət orqanı ACPR və Avropa Mərkəzi Bankının qiymətləndirməsindən sonra verilib.
Fransa Revolut üçün Avropanın əsas bazarlarından biridir. Şirkətin ölkədə təxminən 7 milyon müştərisi var. Revolut Parisdə Avropa üzrə baş qərargah yaratmağı, təxminən 600 əməkdaş işə götürməyi və Fransaya 1 milyard avrodan çox investisiya yatırmağı planlaşdırır.
Bu addım Revolut-un Avropadakı fəaliyyət modelini də dəyişir. İndiyədək şirkətin Avropa üzrə əsas bank fəaliyyəti Litvada aldığı lisenziya üzərindən tənzimlənirdi. Yeni Fransa lisenziyası ilə Revolut Avropada ikinci mühüm bank mərkəzi formalaşdırır. Litvadakı Revolut Bank U.A.B isə fəaliyyətini davam etdirəcək.
Məlumata görə, ilk mərhələdə Fransa müştəriləri yeni Revolut Bank S.A. strukturuna keçiriləcək. Daha sonra Almaniya, İrlandiya, İtaliya, Portuqaliya və İspaniyadakı müştərilərin də bu qurum üzərindən xidmət alması nəzərdə tutulur.
Revolut hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir və qlobal müştəri sayı 75 milyonu ötüb. Şirkət fiziki filiallar olmadan rəqəmsal bank modeli ilə fəaliyyət göstərir və Avropada ən sürətlə böyüyən fintex şirkətlərindən biri hesab olunur.
Qeyd edək ki, Revolut-un qiymətləndirilməsi son ikinci dərəcəli səhm satışı çərçivəsində 115 milyard dollara çatıb. Bu göstərici şirkəti Avropanın ən dəyərli fintexlərindən birinə çevirir.

