Rusiyada vətəndaşlar depozitlərdən sonra pul saxlamağın ən rahat üsulunu açıqlayıblar. Ölkədə insanların 34%-i nağd pulu evdə saxlayır.
Cashless.az xəbər verir ki, bu nəticə “Banki.ru” platformasının keçirdiyi sorğuda ortaya çıxıb.
Respondentlər bu üsulu xərclərə nəzarət etmək və dəyişikliklərə operativ reaksiya vermək baxımından rahat hesab edirlər. Bununla belə, ilk yerdə yenə də depozitlər və yığım hesabları qalır. Sorğuda iştirak edənlərin 54%-i bu variantı seçib.
“Banki.ru”nun ekspert analitikası üzrə rəhbəri İnna Soldatenkova bildirib ki, depozitlər rəsmi inflyasiyanı kompensasiya etməyə imkan verir və digər alətlərdən fərqli olaraq dövlət tərəfindən sığortalanır. Onun sözlərinə görə, yığım hesabları da depozitlərə yaxın gəlirlilik təmin edə bilər, lakin vəsaitlərin idarə olunmasında daha çevikdir.
Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinanın sözlərinə görə, 2025-ci ildə ölkədə əhalinin maliyyə alətlərinə yatırım marağı artıb. Səhmlər, istiqrazlar, uzunmüddətli yığım proqramları və pensiya sığorta yığımları nəzərə alındıqda, ümumi investisiya həcmi 4,1 trilyon rubl (təxminən 70-80 milyard manat-red.) təşkil edib.

