Rusiya Dövlət Duması ölkədə kriptovalyutaların dövriyyəsi üçün hüquqi baza yaradan qanunu yekun oxunuşda qəbul edib.
Cashless.az xəbər verir ki, yeni model kriptovalyutaların bank hesabları, brokerlər, kriptobirjalar və digər tənzimlənən vasitəçilər üzərindən alınıb-satılmasını nəzərdə tutur.
Qanun xarici ticarətdə kriptovalyuta və steyblkoinlərlə hesablaşmalara da daha geniş imkan yaradır. Şirkətlər bu alətlərdən həm tənzimlənən vasitəçilər, həm də müəyyən hallarda birbaşa istifadə edə biləcəklər.
Eyni zamanda, kriptovalyutalar vasitəsilə səhmlərə, istiqrazlara və rəqəmsal maliyyə aktivlərinə investisiya imkanlarının genişləndirilməsi planlaşdırılır. Qızıl, daşınmaz əmlak və digər real aktivlərə bağlı tokenləşdirilmiş alətlərin bazara çıxarılması da nəzərdə tutulur.
Rusiya tərəfinin açıqlamasına görə, ölkədə kriptovalyuta əməliyyatlarının gündəlik həcmi təxminən 50 milyard rubla çatır. Yeni tənzimləmə bu əməliyyatların qeyri-rəsmi bazardan çıxarılmasına, vergi və AML nəzarətinin gücləndirilməsinə xidmət edəcək.
Azərbaycanda da virtual aktivlərin tənzimlənməsi istiqamətində işlər aparılır. Bu sahə üzrə hüquqi bazanın yaradılması Mərkəzi Bankın 2024–2026-cı illər üzrə maliyyə sektorunun inkişaf strategiyasında nəzərdə tutulub.

