Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan Binance oktyabrın 29-da baş vermiş genişmiqyaslı kiberhücumla bağlı ilkin araşdırma nəticələrini açıqlayıb. Məlum olub ki, hakerlər hücuma hələ 2026-cı ilin iyun ayından hazırlaşıblar.
Şirkətin noyabrın 3-də yayımladığı hesabata əsasən, hücumun ilkin mərhələsində əməkdaşlardan biri Homebrew proqramının zərərli kodla dəyişdirilmiş versiyasını yükləyib. Təhlükəsizlik xidməti təhlükəni aşkar edərək cihazı dəyişdirsə də, hakerlər kriptovalyuta cüzdanlarının idarə edilməsinə cavabdeh mütəxəssislər haqqında məlumat əldə ediblər.
Sentyabr ayında kibercinayətkarlar digər əməkdaşı saxta iş müsahibəsinə cəlb ediblər. İki onlayn müsahibədən sonra ona zərərli kod ehtiva edən sınaq tapşırığı göndərilib. Nəticədə hakerlər əməkdaşın iş kompüterinə giriş əldə ediblər.
Oktyabrda isə ələ keçirilmiş cihaz və Binance-in daxili süni intellekt alətindən istifadə olunaraq digər əməkdaşların hesablarına giriş üçün tələb olunan məlumatlar ələ keçirilib. Bu yolla hakerlər tranzaksiyaların təsdiqlənməsi sisteminə müdaxilə etmək imkanı qazanıblar.
Oktyabrın 29-da həyata keçirilən hücum nəticəsində birjanın isti cüzdanlarından 18 270 bitkoin, həmçinin XRP, Solana və Optimism şəbəkələrində müxtəlif kriptoaktivlər çıxarılıb. Ethereum şəbəkəsindəki əməliyyatlarda isə EIP-7702 mexanizmindən istifadə olunub.
Hadisə nəticəsində təsirə məruz qalan aktivlərin ümumi dəyəri 6,34 milyard dollar təşkil edib. Bununla belə, təxminən 2,85 milyard dollarlıq aktivin dondurulmasına və ya köçürülməsinin qarşısının alınmasına nail olunub. Şirkət oktyabrın 31-nə qədər təsirə məruz qalan token aktivlərinin 98%-nin ehtiyatlarını bərpa etdiyini və maliyyə itkilərini istifadəçilərin üzərinə qoymayacağını bildirib.

