Rusiyanın ən böyük banklarından biri olan Sber alışların dəyərini hissələrə bölmək (BNPL – Buy Now, Pay Later) imkanını artıq yalnız onlayn platformalarda deyil, fiziki satış nöqtələrində də istifadəyə verib. Yeni xidmət birbaşa ödəniş terminallarına inteqrasiya olunub və alış zamanı kassada rəsmiləşdirilə bilir.
Bankın məlumatına görə, ölkə üzrə 65 milyon müştəri artıq bu ödəniş modelindən istifadə edə bilər. Xidmət 300 mindən çox terminalda aktivdir və istifadəçi alış məbləğini əlavə müraciət etmədən, birbaşa kassada hissələrə bölə bilir. Müqavilə şərtləri ilə terminal ekranında təqdim olunan QR-kod vasitəsilə tanış olmaq mümkündür.
Sistem ödəniş prosesini dəyişdirmədən işləyir. Əməliyyat məbləğini 2 ay müddətinə faizsiz bölmək mümkündür. Təsdiq üçün Sber-in əsas ödəniş üsulları – bank kartları, smartfon və biometrik identifikasiya (“gülərək”) istifadə olunur.
Bank qeyd edir ki, BNPL modeli indiyədək əsasən e-ticarət platformalarında geniş yayılmışdı. Yeni yanaşma isə hissəli ödəniş imkanını ənənəvi pərakəndə satış nöqtələrində də əlçatan edir və alış prosesini daha çevik edir.

