Rusiyanın ən böyük banklarından biri olan Sber süni intellektlə təchiz edilmiş yeni nəsil ödəniş terminalı – NEO-nu təqdim edib.
Cashless.az xəbər verir ki, NEO süni intellekt, biometrik identifikasiya, yerli hesablaşma imkanları və rəqəmsal xidmətləri bir cihazda birləşdirir.
NEO-nun əsas xüsusiyyətlərindən biri texnologiyanın istifadəçiyə uyğunlaşmasıdır. Terminalın ekranı alıcının mövqeyinə uyğun olaraq avtomatik tənzimlənir. LiDAR və ToF kameraları, 3D üz xəritələmə texnologiyası və süni intellekt alqoritmləri sayəsində sistem müxtəlif işıqlandırma şəraitində istifadəçini tanıya bilir.
Cihaz 8 nüvəli prosessor və xüsusi NPU çipi ilə təchiz olunub. Şirkətin məlumatına görə, NEO-nun ekranının təsvir keyfiyyəti əvvəlki nəsil terminallarla müqayisədə 60 % daha yüksəkdir.
Terminal bank kartları, smartfonlar, QR kodlar və biometrik ödənişlər daxil olmaqla bütün müasir ödəniş üsullarını dəstəkləyir. Bundan əlavə, cihaz vasitəsilə hissə-hissə ödəniş (BNPL), elektron bəxşiş və bonus balansının istifadəsi imkanları da təqdim olunur.
Sber bildirir ki, hissə-hissə ödəniş xidmətindən istifadə orta çek məbləğini 20-40 %, bəzi kateqoriyalarda isə 50 %-dən çox artırır. Bank hazırda BNPL xidmətləri üçün süni intellekt əsaslı tövsiyə modellərini də sınaqdan keçirir.

